Dünya əhalisinin yarıdan çoxu ötən il rəqəmsal mühasirə şəraitində yaşayıb.
Qaynarinfo-nun məlumatına görə, "Surfshark” tərəfindən yayımlanan aktual məlumatlar göstərir ki, 2025-ci ildə ümumilikdə 4,6 milyard insan hökumətlərin tətbiq etdiyi internet məhdudiyyətlərindən birbaşa təsirlənib. İnternetə çıxış əsas insan hüququ kimi qəbul edilsə də, idarəetmə strukturlarının rəqəmsal qaranlıqları nəzarət mexanizmi kimi istifadə etmə sürəti getdikcə artır.
Hesabatın detalları internet senzurasının ən intensiv yaşandığı regionun yenə də Asiya olduğunu ortaya qoyur. Təkcə bu bölgədə 10 fərqli ölkədə 56 yeni məhdudiyyət qərarı qəbul edilib və bu vəziyyət təxminən 2 milyard insana təsir göstərib. Hindistan 24 yeni hadisə ilə regionda lider mövqeyini qoruyub saxlayır. Onu İraq, Əfqanıstan və Cammu–Kəşmir bölgəsi izləyib.
Sosial media platformaları da qadağalardan kənarda qalmayıb. Maraqlı bir dəyişiklik kimi, 2025-ci ildə ən çox hədəf alınan platforma "Facebook” deyil, "Telegram” olub. Qərb dünyasında isə Albaniya bir platforma üzərindən başlayan və ölümlə nəticələnən mübahisədən sonra "TikTok”u bir il müddətinə qadağan edərək siyahıya daxil edilib.
2026-cı il yeni qaranlıq dalğası ilə başlayıb
2025-ci ilin qaranlıq mənzərəsi hələ tam aradan qalxmamış, 2026-cı ilin ilk həftələri vəziyyətin daha da pisləşə biləcəyinə dair siqnallar verir. Yaxın Şərq və Cənubi Asiyada artıq ciddi giriş məhdudiyyətləri qeydə alınmağa başlayıb. Xüsusilə İran yanvarın əvvəlində başlayan etirazlardan sonra demək olar ki, tam rəqəmsal qaranlığa qərq olub. Bildirilir ki, hökumət yalnız klassik internet xətlərini deyil, "Starlink” bağlantılarını da hədəfə alıb.
İnternet qadağalarını aşmaq istəyənlər üçün əsas sığınacaq hesab olunan VPN alətləri artıq birbaşa hökumətlərin diqqət mərkəzinə düşüb. Əvvəllər yalnız saytları bloklayan idarəetmələr indi bu alətlərin istifadəsini də cinayət tərkibli hesab edir və ya birbaşa qadağan edir. Məsələn, Cammu və Kəşmirdə VPN istifadəsi iki ay müddətinə tamamilə yasaqlanıb, Pakistan hökuməti isə qeyri-rəsmi VPN tətbiqlərinin qarşısını almaq üçün addımlar atıb.
Aydın
Şərhlər