İdman 15:45 14.06.2022

40 ildir bu rayonun mərkəzi stationunun sahibi tapılmır (VİDEO)

Son günlər Lerik Şəhər Mərkəzi Stadionunun bərbad vəziyətdə olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılır.

Qaynarinfo Lerik Şəhər Mərkəzi Stadionu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 40 il əvvəl, yəni 1984-ci ildə inşa edilən stadionun sahibi tapılmır. 1994-cü ildə stadion Gənclər və İdman Nazirliyinin balansına verilsə də, arenada heç bir təmir-bərba işləri aparılmayıb. 2006-2007-ci illərdə naməlum şəxslər (kimliklərini dəqiqləşdirə bilmədik-red.) maddi vəsaiti hesabına stadionun kanstruksiyaları yeniləri ilə əvəzlənsə də, meydançanın ot örtüyü 1980-cı ildə olduğu kimi qalıb. Hazırda isə stadion kanstruksiyası dağılıb, ort örtüyü isə bərbad vəziyyətdədir. 

Lerik Rayon İcra Hakimiyyəti başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov məsələyə münasibət bildirib. İcra başçısının müavini Qaynarinfo-ya açıqlamasında bunları deyib: 

"Stadion təmir olunmursa, biz nə edək? Hələ biz stadionun kimin (hansı qurumun) balansında olduğunu dəqiq müəyyənləşdirə bilmirik. Şəxsən özüm 20 ildir sahibini axtarıram. Bilək bu stadionun yiyəsi kimdir? Hələ ki, Gənclər və İdman Nazirliyi sorğumuza cavab verməyib. Artıq bu məsələ dövlət proqramına da daxil edilib. Görünür yaxın vaxtlarda stadionun üzünə işıq düşəcək və buranın təmiri həyata keçiriləcək”.

Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi rayonda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirən Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov da bu barədə açıqlama verib: 

"Lerik Şəhər Mərkəzi Stadionu 1994-cü ildən bizim balansımızdadır. 1992-ci ildən rayon İcra Hakimiyyətinin sərəncamı ilə stadion "Məhsul Kənd Könüllüləri” İdman Cəmiyyətindən alınaraq, Lerik Gənclər və İdman İdarəsinin balansına verilib. Stadion bizə verilərkən bir nəfər də işçi heyəti nəzərdə tutulmayıb. Heç gözətçisi də olmayıb. Stadionu indiyədək daxili imkanlarımız hesabına saxlayırıq. İdarəmizin dövlət qulluqçusu olan rəsmi 5 işçisi var. Texniki işçimiz yoxdur ki, biz ora qulluq edə bilək. Vəziyyət çox acınacaqlıdır. Nazirlər Kabinetinə müraciət edilib. Stadionun təmiri investisiya proqramına salınıb. Vəsait ayırılacağı təqdirdə, təmir olunacaq və texniki ştatlar ayrılacaq”.

Əhməd