Avqustun 17-dən 19-dək Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi keçiriləcək.
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə sözügedən yarışda Azərbaycanı 10-u oğlan, 4-ü qız olmaqla, 14 idmançı təmsil edəcək. Bu gün Azərbaycan Cüdo Federasiyasında qitə birinciliyində ölkəmizin idman şərəfini qoruyacaq milli komandanın üzvləri ilə görüş keçirilib. Tədbirdə federasiyasının baş katibi Elmar Babanlı koronavirus pandemiyası başladığı dövrdən indiyədək müəyyən çətinliklərə baxmayaraq, keçirilən məşqlərdən, cüdoçularımızın müxtəlif yarışlarda daim iştirak etməsindən, qazanılan uğurlardan söhbət açıb və həmin yarışlardan qarşılıqlı təhlillər aparılıb. O, həmçinin milli üzvlərinin bu nüfuzlu yarışa hazırlıq məqsədi ilə keçdiyi təlim-məşq toplanışlarından və federasiyanın daim göstərdiyi qayğıdan bəhs edib. Baş katib sonda Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi adından idmançılarımıza qarşıdan gələn yarışlarda uğurlar diləyib.
Görüş zamanı millimizin yeni məşq və idman geyim dəstləri cüdoçularımıza nümayiş etdirilib. Sonra məşqçi, idmançı və texniki heyətə yeni idman geyimləri təqdim olunub.
Məşqçilər və idmançılar yeniyetmələri daim diqqət mərkəzində saxladığına və göstərdiyi qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Səbuhi Həsənov