Ekonomiks 16:16 22.05.2023

ABŞ-da baş verə biləcək defolt - Azərbaycan manatını nə gözləyir?

ABŞ-ın maliyyə naziri Canet Yelle Konqresə məktub ünvanlayaraq, ölkəsində iyunun 1-də şərti defolt elan oluna biləcəyini bildirib. Buna yol verməmək üçün o, borc həddinin dərhal artırılmasını tələb edib.
 
Əgər, ABŞ mümkün defolta gedərsə, bu dünya maliyyə bazarına necə təsir edəcək? Belə olan halda dolları nə gözləyir? Dolların fonunda Azərbaycan manatının taleyi necə olacaq? Manat dollar qarşısında tab gətirə biləcəkmi? 

Qaynarinfo bu sualları iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.
 
Ekspert Canet Yallenin narahatlığının başa düşülən olduğunu bildirib:
 
"Çünki ABŞ-da artıq son bir ayda borc limiti ilə bağlı Konqresdə ciddi müzakirələr aparılıb. Araşdırmaçılar hesab edirlər ki, problemlər həll olunacaq”. 

İqtisadçı qeyd edib ki, zaman-zaman Birləşmiş Ştatlar büdcənin təsdiqi ilə bağlı müəyyən problemlər yaşayır:
 
"Tramp dönəmində hökumət 2-3 ay fəaliyyətsiz qaldı. Amma ciddi bir problem olmadı. Gümün edirəm ki, ABŞ-da defolt olmayacaq. Gözləntim və proqnozum odur ki, tərəflər razılığa gələ biləcək”.

Xalid Kərimlinin sözlərinə görə, ABŞ iqtisadiyyatında problemlər dolların məzənnəsinə kəskin təsirlər göstərə bilər. Amma dolların məzənnəsinin formalaşmasında  əsas rolu FED-in aparacağı siyasət oynayır:
 
”Dollar FED-in məhsuludur, iqtisadiyyatda baş verən proseslər bu valyutaya təsir etsə də, həlledici olmur, çünki dolları FED tənzimləyir. FED isə bu zaman infilyasiya və məşğulluğa istinad etdiyinə görə, bu məsələdə dolların kəskin dəyər itirəcəyini güman etmirəm”. 

İqtisadçı dolların məzənnəsi ilə bağlı ciddi risq gözləmədiyini bildirib:
 
"Hətta dolların son həftələr bahalaşması müşahidə edilir. Gözləntilərə görə, FED bir müddət sonra yenidən faiz artımlarını davam etdirə bilər”. 

"ABŞ-da baş verənlərin dünya maliyyə bazarı ilə bərabər Azərbaycan maliyyə bazarına da təsirlərini nəzərə alsaq, manatın taleyini nə gözləyir” sualına cavab olaraq Xalid Kərimli bildirib ki, Azərbaycan manatı 2023-cü ildə dollara fiksə edilmiş rejimdə qalacaq:
 
"Yəqin ki, manatı ilin sonuna qədər 1.70 portretində görəcəyik”. 

Ekspertin sözlərinə görə, Azərbaycanın dövlət investisiyaları Neft Fondu vasitəsi ilə həyata keçirilir. Neft Fondu öz büdcəsinin üçdə ikisini istiqrazlara və yüksək investisiya risqi olan istiqrazlara yatırır:

"Bu istiqrazlarla əlaqədər məsələlərdə yenə FED-in faiz dərəcəsi siyasətindən asılıdır. Bu istiqrazların dəyəri kifayət qədər düşüb. Ötən il neft fondu hətta bu istiqamətlərdə ciddi zərər etdi. Nəzərə alsaq ki, Neft Fondu həm qızıla, həm istiqrazlara, həm səhm bazarına, həm daşınmaz əmlaka investisiya edərək, kifayət qədər divertifikasiya edib və divertifikasiya zamanı da risqin minimum olmasını da əsas götürür, baş verə biləcək proseslərin Azərbaycanın pul itkisinə gətirib çıxaracağını düşünmürəm” 

O, düşünür ki, borc limiti məsələləri həll olunacaq, ona görə də digər variantlar haqqında fikir söyləmək bu dəqiqə əsaslı deyil. ABŞ-da mümkün baş verəcək  defoltun bizim Avropa, həm də Çinlə iqtisadi əlaqələrimizə təsiri haqqında danışan iqtisadçı qeyd edib ki, bu proseslərin bizim həmin ölkələrlə iqtisadi münasibətlərimizə təsiri yoxdur və hansısa bir təsiri olacağını da gözləmir.

Günay İlqarqızı