Xəbər lenti

ABŞ-da məktəb müəllimləri süni intellektlə əvəz edildi: Dərslər necə keçirilir? (VİDEO)
Video 22:12 06.10.2025

ABŞ-da məktəb müəllimləri süni intellektlə əvəz edildi: Dərslər necə keçirilir? (VİDEO)

ABŞ-ın Texas ştatının Ostin şəhərində fəaliyyətə başlayan özəl "Alpha" məktəbi ənənəvi müəllimləri süni intellekt sistemləri ilə əvəz edib. Bu məktəbdə şagirdlər bütün tədris proseslərini süni intellekt əsaslı tətbiqlər vasitəsilə özləri idarə edir və gündə cəmi iki saat dərs keçirlər.

Qaynarinfo "CBS News"a istinadən xəbər verir ki, ibtidai sinif şagirdləri elm, riyaziyyat və oxu fənləri üzrə fərdi planlarla təhsil alır. Alqoritmlər hər bir uşağın səviyyə və sürətinə uyğun proqram tərtib edir. Şagirdlər kursu "ustalıq səviyyəsinə" çatmaq (90 faizdən çox nəticə toplamaq) məqsədilə tamamlayırlar.



Sinifdəki böyüklər burada müəllim deyil, "bələdçi” adlanır və onlar altı rəqəmli maaş alırlar. Onların əsas vəzifəsi motivasiya vermək və uşaqları təşviq etməkdir.

"Biz əslində tandem şəklində işləyirik. Uşaq öz sürəti ilə öyrənəndə, nəticələr bir neçə dəfə artır", deyə bələdçilərdən biri Lyuk Fillips bildirib. 

Günün ikinci yarısında şagirdlər layihələrlə məşğul olur, maliyyə savadlılığı və ictimai çıxış bacarıqları kimi həyati bacarıqları öyrənirlər. Məktəbin yaradıcısı Makkenzi Pray bu biliklərin "ölçüyəgəlməz dəyərə malik" olduğunu vurğulayıb.


Bu cür innovativ təhsil sistemi ucuz başa gəlmir – "Alpha" məktəbində təhsil illik ən azı 40 min ABŞ dollarına başa gəlir. Məktəb sürətlə genişlənir – hazırda 16 kampusa malikdir və qonaqları arasında ABŞ təhsil naziri Linda Makmemon da olub.

Bununla belə, sistemin tənqidçiləri də az deyil. Onların fikrincə, süni intellekt hələ müəllimi tam əvəz edə bilmir və layihə "varlılar üçün eksperiment” adlandırılır. Məktəbin yaradıcısı da etiraf edir ki, sistem hələ mükəmməl deyil və təkmilləşdirməyə ehtiyac var.

Buna baxmayaraq, məktəbin nümayəndələri inanır ki, təhsilin gələcəyi məhz süni intellektdədir. Onların fikrincə, alqoritmlər şagirdləri müəllimlərdən daha effektiv şəkildə öyrədə və proqramları hər bir uşağın fərdi ehtiyacına uyğunlaşdıra biləcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->