"Görüş yerinin İstanbuldan Omana dəyişdirilməsi ABŞ daxilində baş verən siyasi proseslər və Tehranın bu vəziyyətdən istifadə edərək diplomatik məkanı öz maraqlarına uyğunlaşdırmaq cəhdinin nəticəsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ-la İran arasında İstanbulda keçirilməsi nəzərdə tutulan danışıqların məkanının qəfil şəkildə Omana dəyişdirilməsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, son dövrlərdə ABŞ daxilində baş verən siyasi proseslər Vaşinqtonda ciddi gərginlik yaradıb:
"Xüsusilə Epşteyn sənədləri ətrafında gedən müzakirələrdə hazırkı Prezident Donald Trampın adının hallanması ölkə daxilində həm siyasi, həm də ictimai rezonansa səbəb olub. Bununla paralel olaraq miqrasiya siyasəti ilə bağlı yaranan qarşıdurmalar və federal səviyyədə müşahidə olunan institusional ziddiyyətlər ABŞ rəhbərliyinin diqqətini daxili problemlərə yönəldib. Bu fonda Vaşinqtonun İran siyasətində nisbi pauzanın yarandığı açıq şəkildə hiss olunur".
Konfliktoloq hesab edir ki, mövcud vəziyyətdən Tehran məqsədyönlü şəkildə faydalanmağa çalışıb:
"ABŞ daxilindəki siyasi və institusional gərginlik fonunda İran danışıqlar üçün diplomatik məkanın formalaşdırılmasını öz maraqlarına uyğun istiqamətə yönəltməyə cəhd göstərib və bu prosesi fürsət kimi dəyərləndirib".
Azər Hüseynovun fikrincə, Vaşinqtonun bu yanaşma ilə razılaşması ABŞ-ın hazırkı mərhələdə zaman qazanmaq niyyətindən irəli gəlir:
"ABŞ daxili ziddiyyətlərin dərinləşdiyi bir dövrdə İranla danışıqlar vasitəsilə həm vaxt udmağa, həm də regional gərginliyi müvəqqəti olaraq nəzarətdə saxlamağa çalışır. Lakin bu, Vaşinqtonun İranı hərbi yolla vurmaq niyyətinin tam şəkildə gündəmdən çıxarılması kimi qiymətləndirilməməlidir".
Qeyd edək ki, ABŞ-la İran arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqların məkanı son anda Omanla əvəzlənib. Məlumata görə, danışıqların yerinin dəyişdirilməsi İran tərəfinin tələbi ilə baş verib və ABŞ administrasiyası bu təkliflə razılaşıb.
Danışıqların fevralın 6-da baş tutması gözlənilir. Mətbuatın yazdığına görə, Tehran danışıqların yalnız ABŞ-la ikitərəfli formatda, hər hansı ərəb və ya müsəlman ölkəsinin müşahidəçi qismində iştirakı olmadan keçirilməsini də tələb edib.
ABŞ Prezidenti Donald Tramp isə İran nümayəndələri ilə keçiriləcək görüşün yeri ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib: "Bunu sizə deyə bilmərəm".
Rüfət Sultan
Şərhlər