Xəbər lenti

ABŞ İranla danışıqlara başlayır? (ŞƏRH)
Dünya 19:43 11.02.2025

ABŞ İranla danışıqlara başlayır? (ŞƏRH)

"ABŞ üçün əsas məsələ İsrailin təhlükəsizliyidir. Bu çərçivədə razılaşmanın əsas motivi İranın nüvə silahı istehsal etməməsidir. Bunun  qarşılığında İrana yönəlik embarqo, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması kimi proseslər gündəmə gələ, habelə, Tehrandan Livan, Fələstin, Suriyadakı proseslərə müdaxilə etməsinin dayandırılması tələb oluna bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy ABŞ prezidenti Donald Trampın İranla razılaşmanın əldə olunacağı barədə verdiyi optimist fikirlərini şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, Barak Obama adminstrasiyası dövründə əldə olunmuş razılığa əsasən, İran uranın zənginləşdirilməsindən vaz keçməli idi:

"Bunun qarşılığında İrana tətbiq edilən sanksiyalara münasibətdə yumşalmalar baş verməli idi. Bu istiqamətdə müəyyən proses gedirdi. Ancaq Tramp 2016-cı ildə birinci dəfə hakimyyətə gələndən sonra razılaşmanı ləğv etdi və ondan çıxdı. İranda bu fonda uranın zənginləşməsi prosesini davam etdirdi. Bayden adminstrasiyası dövründə də proses mövcud şəkildə davam etdi. Baydenin İran siyasəti daha çox müzakirələrdən yana idi. Trampın yenidən gəlişi ilə isə mənzərə dəyişib. Çünki Tramp biznesmensayağı müzakirə texnikasını ortaya qoyur. Onun bir tərəfdən əsas məqsədi İranın nüvə silahı əldə etməsinə qarşı çıxmaqdır. Bunun üçün də sanksiyalar başda olmaqla müxtəlif vasitələrdən istifadə etməyi qarşısına məqsəd olaraq qoyub".
 


Ekspert bildirib ki, məqsəd İranı nüvə silahı yaratmaqdan uzaqlaşdırmaq olduğundan, Tramp tərəfindən müzakirə taktikası da ortaya atılır:

"Yəni bununla demək istəyir ki, anlaşa bilsək proses irəliyə doğru gedə bilər. Anlaşma baş vermədikdə isə Tramp İrana yönəlik fərqli  sanksiyaları tətbiq edəcəyini, təzyiqi artıracağını bəyan edir".

Həmsöhbətimiz bununla yanaşı bildirir ki, hələlik Trampın dediklərilə bağlı ortada hər hansı bir müzakirə yoxdur:

"Trampın bu açıqlaması ərəfəsində Xamenei də bildirib ki, müzakirələrin heç bir xeyri yoxdur və yaxşısı müzakirə etməməkdir. Yəni bu iki  açıqlamalar iki məqamdan xəbər verir. Hələ ki, ortalıqda hər hansı bir müzakirə yoxdur. İkincisi, tərəflər müzakirə olacaqsa ona yönəlik öz  mövqelərini gücləndirmək üçün manevr imkanlarını artırmağa çalışacaqlar".

Qeyd edək ki, "Fox News"un məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi ilə bağlı razılığa gələcəyinə inanır: "Düşünürəm ki, İranla bağlı razılaşma əldə edəcəyik. Onlara zərər dəyməyəcək".

ABŞ prezidenti hesab edir ki, İranın hava hücumundan müdafiəsi əsasən fəaliyyətsizdir və bu onu daha həssas edir və danışıqlar masasına əyləşməyə hazırdır: "Düşünürəm ki, onlar əsəbidir, qorxurlar".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->