Dəniz neftinə qadağa Kremlin döyüş maşını üçün vəsaiti kəsmək məqsədi daşıyır, lakin bəziləri bunun qısa müddətdə Moskvaya kömək edə biləcəyi ilə bağlı xəbərdarlıq edir.
Qaynarfino "The Guardian” qəzetinin Rusiya neftinə embarqonun təsiri ilə bağlı qısa
təhlilini təqdim edir.
Nə razılaşdırılıb?
Təxminən bir aya yaxın mübahisədən sonra Avropa İttifaqı Kremlin döyüş maşınının maliyyəsini kəsmək məqsədi ilə Rusiya neftinə qismən qadağa qoymağa razılaşıb. Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, bu, Rusiya neft idxalının dörddə üçünə dərhal, ilin sonuna qədər isə 90%-nə təsir göstərəcək.
Hansı ölkələr qadağadan azad edilib və niyə?
Birlik Rusiyanın AB-yə idxalının təxminən üçdə ikisini əhatə edən dəniz neftini dərhal qadağan edir. Kritik "Drujba” ("dostluq”) boru kəməri ilə Rusiya neftindən çox asılı olan Macarıstan üçün nəql edilən neft qadağadan azad ediləcək.
AB Rusiyanın əksər neft axınının ilin sonuna kimi dayanacağına əmindir, çünki Almaniya və Polşa, "Drujba”nın şimal qolunda yerləşən ölkələr neft tədarükündən imtina etməyə söz veriblər. Sovet dövründən qalan boru kəmərinin cənub qolunda yerləşən ölkələr – Macarıstan, Slovakiya və Çexiya müvəqqəti istisnadan faydalanacaqlar.
AB tam neft embarqosuna nə vaxt keçəcək?
Bu, aydın deyil. Sanksiya siyasətini aparan Avropa Komissiyasının prezidenti Ursula von der Leyen AB-yə boşluğun "mümkün qədər tez" necə doldurulacağını müzakirə edəcəyinə söz verib. Macarıstan yalnız Rusiya xam neftini ala bilən neft emalı zavodlarını yenidən təchiz etmək üçün AB-dən nağd pul istəyir. Xorvatiyanın da Adria boru kəməri vasitəsilə şimal qonşusuna tədarükünü artırmaq üçün vaxt lazımdır. Avropa Birliyi liderləri mərkəzi Avropa üçün güzəşt tarixinin bitməsi ilə bağlı təfərrüatlar verməkdən yayınıblar.
Embarqo Rusiyanın döyüş maşınına necə təsir edəcək?
AB Rusiyaya neft və qaza görə gündə təxminən 1 milyard avro (850 milyon funt sterlinq) ödəyir ki, bu da Kremlin Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsində əvəzsiz valyuta mənbəyidir. Bu maliyyə axınlarının kəskin şəkildə kəsilməsi uzunmüddətli perspektivdə Rusiyanın iqtisadi problemlərini dərinləşdirir. Bəzi iqtisadçılar neftin qiymətinin qalxdığı üçün bunun qısamüddətli perspektivdə Moskvaya kömək kimi mənfi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. AB-nin uzun müzakirələri Rusiyaya alternativ alıcılar tapmaq üçün vaxt verib.
Avropadakı istehlakçılara və biznesə necə təsir edəcək?
Embarqo neft qiymətlərini daha da artırdığı üçün sürücülər və müəssisələr daha yüksək qiymətlər görəcəklər. Hökumətlər üçün onsuz da artan yaşayış xərclərini idarə etmək daha da çətinləşəcək. AB neft embarqosunun elanından sonra Brent markalı neftin bir barelinin qiyməti sonra bir qədər geriləsə də, mart ayından bəri ən yüksək səviyyə - 124,10 dollara çatıb. Neftin qiyməti bu il artıq 55%-dən çox artıb və 2008-ci ildən bəri ən yüksək həddədir.
AB-nin oynamaq üçün daha çox sanksiya kartları varmı?
AB neft embarqosu ilə bağlı razılığa gəlməmişdən qabaq bəzi ölkələr artıq Rusiyanın ən böyük ixracatı olan qaza qarşı əlavə sanksiyaları nəzərdən keçirirdilər. Müharibədən əvvəl Rusiya AB qazının 40%-ni təmin edirdi, lakin AB liderləri bunu tədricən azaltmağa söz veriblər. Bununla belə, Ukraynanın AB-dəki ən aşkar müttəfiqləri, Polşa və Baltikyanı ölkələr hesab edirlər ki, AB Rusiya qazına sanksiya ilə bağlı son tarix verməlidir. Bu addım hələ qarantiya edilməyib və onun müzakirəsi bitməmiş neft embarqosu ilə bağlı danışıqlardan da çətin olacaq.
Nurlan
Şərhlər