İdman 19:46 06.10.2022

ABŞ qrossmeysteri 2020-dən bəri 100-dən çox oyunda fırıldaq edib?

ABŞ qrossmeysteri Hans Nimann ehtimal ki, 2020-ci ildən bəri 100-dən çox onlayn oyunda, o cümlədən mükafat fondu olan oyunlarda fırıldaq edib. 

Qaynarinfo xəbər verir ki, Chess.com saytı öz araşdırmasında Nimannın hərəkətlərini şahmat proqramlarının gedişləri ilə müqayisə edərək bu qənaətə gəlib.

Nimann özü əvvəllər onlayn oyunlarda fırıldaq etdiyini etiraf edib, lakin mükafat fondu olan turnirlərdə bunu heç vaxt etmədiyini iddia edir.

Gedişləri müqayisə etməklə yanaşı, Chess.com Nimannın Elo reytinqində çox sürətli irəliləyişini qeyd edir (onun üç ay ərzində 2500-dən 2600-ə yüksəlməsi "statistik baxımdan qeyri-adi" fenomen kimi təsvir olunur).

Təhqiqatın müəllifləri şahmat taxtasındakı canlı oyunları təhlil etməyiblər, lakin qeyd edirlər ki, Nimannın yarışlardakı altı ən güclü çıxışı ayrıca araşdırılmalıdır.
Sentyabrın sonlarında şahmat üzrə dünya çempionu Maqnus Karlsen açıq şəkildə Nimannı fırıldaqda ittiham edib. Hər şey onunla başladı ki, sentyabrın ortalarında Nimann Sent-Luisdə keçirilən turnirdə Karlsenə qarşı oyunda qalib gəldi, bundan sonra Karlsen gözlənilmədən turnirin sonunu gözləmədən yarışı tərk etdi. O, Tvitterdə futbol məşqçisi Joze Mourinyonun: "Əgər danışsam, böyük bəlaya düçar olaram" dediyi videonu yerləşdirib.
Bir həftə sonra rəqiblər onlayn turnirdə qarşılaşıblar və burada Karlsen ilk gedişdən sonra təslim olub. Daha sonra o, bunu Nimanın saxtakarlığına etiraz olaraq etdiyini izah edib. Karlsen bildirdi ki, "şahmatda saxtakarlıq oyunun mövcudluğunu təhdid edən böyük problemdir”.
"Mən həmçinin hesab edirəm ki, şahmat turnirlərinin təşkilatçıları və sevdiyimiz oyunun bütövlüyünə əhəmiyyət verən hər kəs təhlükəsizlik tədbirlərinin və üsullarının gücləndirilməsi və şahmat taxtasında saxtakarlığın aşkar edilməsi barədə ciddi düşünməlidir. Hesab edirəm ki, Nimann açıq şəkildə etiraf etdiyindən daha çox və son zamanlar daha tez-tez fırıldağa əl atıb", - deyə şahmatçı bildirib.

O, həmçinin başqa bir şeylər barədə bildiyini, amma bu barədə danışa bilmədiyini əlavə edib. 

Nimann özü isə ittihamları rədd edib. "Mənim lüt soyunmağımı istəsələr, edərəm", - o, bununla düzgün hərəkətləri bildirmək üçün bədəninə titrəyən ötürücü bağladığı barədə şayiələrə cavab verib.

"Mən bunlara əhəmiyyət vermirəm, çünki təmiz olduğumu bilirəm. Sıfır elektron ötürücülüyü olan bağlı qutuda oynamağımı istəyirsinizsə, hazıram. Mən qalib gəlmək üçün buradayam və nə olursa-olsun, məqsədim budur", - Nimann deyib.
O, 16 yaşında Chess.com saytında təsadüfi oyunlarda fırıldaq etdiyini və bundan çox utandığını, lakin əsl oyunda bunu heç vaxt etmədiyini söyləyib. 

Nizami Bağırov