Dünya 23:30 02.06.2023

ABŞ Ukraynaya “gələcəyin ordusu”nu yaratmaqda kömək edəcək - Dövlət katibi

ABŞ Ukraynaya dəstəyini davam etdirəcək və ona "gələcəyin ordusu”nun yaradılmasında kömək edəcək.

Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bunu Finlandiyaya səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, belə bir orduya "müasir hava qüvvələri, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə, müasir tanklar və zirehli texnika, milli sursat istehsal gücü, qüvvə və vasitələrin döyüş hazırlığını saxlamaq üçün təlimlər” daxildir.

Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar başqalarını Ukrayna üçün sülh təşəbbüslərinə təşviq edəcək.

O, əlavə edib ki, eyni zamanda, Vaşinqton Ukraynanı hərbi cəhətdən dəstəkləməyə davam edəcək, çünki effektiv diplomatiya üçün ilkin şərt Kiyevin təcavüzün qarşısını almaq və ondan müdafiə etmək bacarığıdır.

Xatırladaq ki, ABŞ çərşənbə günü Ukraynaya 300 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırdığını elan edib.

ABŞ-ın yeni hərbi yardım paketində əlavə hava hücumundan müdafiə vasitələri, artilleriya, tank əleyhinə silahlar və xüsusilə atıcı silahlar üçün sursatlar var.

Alpər