İdman 17:21 26.05.2022

Abdulla Əl-Həmadi: “Medianın rolu olmasa, uğur əldə edə bilmərik”

Mayın 27-dən İyunun 7-nə qədər Bakıda atıcılıq üzrə dünya kuboku keçiriləcək. Dünya kubokunun təşkilatçılığına cavabdeh olan, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndəsi Abdulla Əl-Həmadi yarış ərəfəsində jurnalistlərə açıqlama verib.

Qaynarinfo onun fikirlərini təqdim edir:

"Yarışın təşkil edilməsində bütün əməyi olan şəxslərin hazırlıq səviyyəsini yüksək qiymətləndirirəm. Dünya kubokunun Azərbaycanda keçirilməsi hələ iki il əvvəldən nəzərdə tutulmuşdu. Bu proses karonavirus pandemiyası ilə əlaqədar iki il müddətində təxirə salınmışdı. Bakıda keçiriləcək yarışa dünyanın 66 ölkəsindən 701 atlet gələcək. Bununla yanaşı, 331 federasiya rəsmisi də gələcək. Hansı ki, buna münsiflər heyəti, hakimlər və texniki işləri həyata keçirən şəxslər daxildir”.

Əl-Həmadi yarışın texniki məsələləri ilə bağlı bunları söylədi: 

"Bildiyinizə görə 5 meydança var. Həmçinin 25 və 10 metr məsafələrə atış üçün şərait yaradılıb. Burada pnevmatik tapançalar həmçinin stend atıcılığı ilə bağlı məsələlər öz əksini tapıb. Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yardımçı komitələri var. Ayın 28-də yarışa start verəcəyik. Bütün işlərdə hər zaman uğuru əsas götürürük. Heç bir zaman məğlub olmağı düşünmürük”.

Federasiya rəsmisi jurnalistlərin suallarını da cavablandırdı:

"Bütün dünyadan olan atletlər burada öz məharətlərini göstərəcəklər, yarışlarda iştirak edəcəklər. Pnevmatik tapançalardan, tüfənglərdən atış üçün şərait yaradılıb. KİV-in yarışların keçirilməsində rolu çox böyükdür. Medianın rolu olmasa biz heç bir zaman uğur əldə edə bilmərik. Fürsətdən yararlanıb, bütün KİV nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. 

İslam Oyunları vaxtı, o cümlədən keçirilən digər mötəbər yarışlarda da Azərbaycanda olmuşam. Bakıda yarışın keçirilməsi üçün şərait öz qaydasındadır. Biz atletlərə çox önəm veririk. Yeniliklərlə bağlı onu qeyd etmək istəyirəm ki, bu yarışların keçirilməsində müvafiq işlər görülür. İstər Qətər, istər Küveyt olsun, əsas məsələ yarışların keçirilməsi üçün hazırlıq prosesinin uğurlu olmasıdır. Azərbaycan da buna kifayət qədər hazır vəziyyətdədir. Meydançalar və digər avadanlıqlar tam şəkildə hazırlanıb. Bildiyiniz kimi federasiya finalların keçirilməsində yeni qayda tətbiq edib. Bu da Parisdə 2024-cü ildə keçiriləcək olimpiya oyunlarında öz əksini tapacaq. Yeniliklərdən biri də ondan ibarətdir ki, televeziya və başqa mətbu orqanlar, o cümlədən müxtəlif tətbiqlər və sosial media vasitəsilə bu yarışın final mərhələlərini canlı şəkildə izləmək imkanına malik olacağıq”.

Səbuhi Həsənov