Keçən həftə sonu Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sədat Onalla amerikalı həmkarı Rendi Şerman arasında görüş keçirilib. Bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi verib. Görüş zamanı tərəflər arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılb. Ukrayna-Rusiya müharibəsində NATO və Türkiyənin rolu, həmçinin sülhün əldə olunması uğrunda hər iki ölkənin birgə iradəsi müzakirə olunub.
Görüş fonunda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Ankaranın da qoşulması məsələsinin müzakirə edildiyi də istisna deyil. Hazırda Avropa ölkələrinin mütləq əksiyyəti Moskvaya yönəlik kəskin sanksiyalar tətbiq edir. Lakin Türkiyə bu prosesə qoşulmayıb. Belə bir fonda, Vaşinqton Ankaranı da öz cərgəsində görmək üçün onu yola gətirmək istəyir. Bu, mümkün olmadıqda, hətta təzyiq etməyi düşünür. Çox güman ki, Rendi Şermanın səfərində başlıca məqsədindən biri məhz bu olub. Amma Ankaranın indiki vəziyyətdə sanksiyalara qoşulacağı inandırıcı deyil. Bu məsələdə Türkiyə ABŞ-ın istəyinə çətin ki, müsbət cavab versin.
Başqa bir tərəfdən, Ağ Ev, ola bilsin, Ankaradan Ukraynaya daha geniş miqyasda hərbi dəstək verilməsini istəyə bilər. Bildiyimiz kimi, Türkiyə Ukraynaya müəyyən qədər uçan pilotsuz aparatlar verib. Ola bilsin, ABŞ bu yardımın daha da artırılması, başqa hərbi texnikaların da Ukraynaya verilməsini Ankaradan xahiş edib.
Ən əsası indiki halda Qərb görür ki, Rusiya lideri Vladimir Putin onların Ukrayna məsələsində danışıqlara getmək istəyini qulaqardına vurur. Fransa Prezidenti Emmanuel Makron son günlərə qədər bir neçə dəfə bu istiqamətdə calışsa da, məqsədinə nail ola bilməyib.
Bu fonda Qərb Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Putini ən azından danışıqlar məsələsində razı sala biləcək yeganə lider kimi görür. ABŞ-da düşünürlər ki, mövcud vəziyyətdə Kremli müəyyən qədər yumşalmağa meyilləndirə biləcək bir qüvvə varsa, o da Türkiyə lideridir. Bu mənada, ola bilsin, ABŞ rəsmisinin Türkiyəyə səfəri fonunda bu məsələ də diqqət mərkəzində olub. Qeyd edək ki, həmin səfərdən sonra Ərdoğan Putinlə telefonla danışaraq onu Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağa dəvət edib.
Rüfət Sultan