
Növbəti mövsümdən Azərbaycanın futbol üzrə I dəstəsində "Ağdaş" adlı klub peyda ola bilər. Hazırda həvəskarlar üzrə XVIII ölkə birinciliyində mübarizəyə qoşulacaq olan komandanın planları növbəti mövsümdən aşağı dəstəyə vəsiqə qazanmaqdır.
Qaynar.info bu məqsədlə klubun mətbuat xidməti funksiyasını yerinə yetirən Həsən Quluzadə ilə əlaqə saxlayıb.
O, komandanın yaranması haqda danışıb: "Bizim rayonda futbol həmişə olub. Ağdaş əsl futbol rayonudur. Komandanim yaranmağına səbəb 2-3 həvəskar oyunçu olub. Elvin Qənbərov, Sənan İsmayılov, Rəhman Əliyev kimi oyunçular həm də klubun təsisçiləri sayılır. Onlar 1-ci ili tamamən öz güclərinə oynayıblar. Səfərə getmək-gəlmək hamısı öz ciblərindən olub. Bu artıq 3-cü ildir. Amma növbəti 2 ildə rayon rəhbərliyi - icra hakimiyyətinin başçısı Tofiq İbrahimov şəxsən işi üstünə götürdü. Eyni zamanda Ağdaş rayon İdman İdarəsinin rəhbəri Azad Gözəlov da köməyini əsirgəmir. 2 il uğursuz çıxışdan sonra bu il heyət tamamilə başdan yenilənib. Komandaya bu ildən Qəbələdən, Bakıdan oyunçu gətirmişik. Qonşu Mingəçevir şəhərindən də futbolçular vardı. Lakin onlarla yollarımızı ayırmışıq. Baş məşqçimiz isə Qəbələdəndir: Ruslan Hüseynov. Artıq forma sponsorumuza qədər var. Rayondakı konfet firmasının adı formalarımızın üzərində yazılır. Yəni ki I dəstədə oynamağa iddialıyıq. Artıq orda oynamaq üçün bəzi addımlar atılıb. Hazırda səviyyəmiz həvəskarlar çempionatının üstündədir. Ən azından biz belə düşünürük".
Quluzadə bu həftə Ağdaşda ilk oyunlarını keçirəcəklərini və yerli azarkeşləri bu matça gəlib tamaşa etməyə çağırıb: "Biz çempionata final mərhələsindən qatılırıq. Hazırda 24 komanda 4 qrupda mübarizə aparır. İlk 2 komanda 1/4 finala yüksələcək. Oyunlarımızı 2 min tamaşaçı tutumuna malik Ağdaş şəhər stadionunda oynayırıq. Stadionun durumu oynamaq üçün yetərlidir. İlk oyunumuzu aprelin 17-də Bakının "Rabotniçki" komandasına qarşı oynayacağıq. Bu matç saat 14:00-da başlayacaq. Bütün ağdaşlı azarkeşlərdən komandamıza dəstək olmaq üçün stadiona gəlmələrini xahiş edirik".
Qeyd edək ki, bu komandaya 1992-ci ildə yaradılmış, 5 mövsüm I dəstədə və 4 dəfə Azərbaycan kubokunda çıxış etmiş Ağdaşın "Şirvan" (müəyyən müddətdə klubun adı "Şirvan-Orxan" da olub - red.) klubunun varisi kimi yanaşılır.
Qaynar.info



