
Azərbaycan teleməkanının populyar futbol verilişi "Top-Top" dünən növbəti dəfə efirə gedib.
Aparıcı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar “Zirə” klubunun baş məşqçisi Adil Şükürov, “Xəzər Lənkəran” azarkeşi Kərim Kərimov və Qaynarinfo.az saytının əməkdaşı, idman jurnalisti Səbuhi Tofiqoğlu olub.
Verilişdə Premyer Liqanın son turunda cərəyan edən hadisələr, “Zirə”nin növbəti mövsüm üçün planları və “Xəzər Lənkəran” komandasının düşdüyü durum müzakirə edilib. "Qaynarinfo"nun əməkdaşı Şükürova çempionatın 14 qolla bombardiri olan Salvador millisinin hücumçusu Nelson Bonilyanın komandada qalıb-qalmayacağına aydınlıq gətirməyə çalışıb. "Zirə"nin baş məşqçisi isə azarkeşlərini əmin edib ki, Bonilya minimum növbəti mövsüm də komandada qalacaq.
Qeyd edək ki, "Top-Top" proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da "My Video" kanalında canlı yayımda efirə gedir. "My Video" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.
Qaynarinfo.az