
Bu gün bəzi KİV-də Azərbaycan Dillər Universitetində tələbələrin aksiya keçirdiyi, bu səbəbdən bəzi tələbələrə töhmət və şiddətli töhmət verildiyi haqqında məlumat dərc olunub. Eyni zamanda qeyd edilib ki, guya bu səbəbdən universitetdən 4 tələbə qovulub.
"Qaynarinfo" xəbər verir ki, moderator.az məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərliyə müraciət edib.
Ağa Cəfərli bildirib ki, son vaxtlar ADU-da çox ciddi işlər görülür, tələbələrin xeyrinə mühüm addımlar atılır: “Görünür, tələbələrin xeyrinə atılan bu cür mühüm addımlar bəzi şəxsləri ciddi narahat edir. Ona görə də onlar tələbələrin adından heç bir əsası olmayan məlumatlar yayırlar. Azərbaycan Dillər Universitetində tələbələrin aksiya keçirdiyi, bu səbəbdən də bəzi tələbələrə töhmət və şiddətli töhmət verildiyi haqqında yazılanlar ağ yalan, kimlərinsə uydurmasıdır. Belə ağ yalan yazanlar mətbuatı hörmətdən salmaqla yanaşı, təhsil prosesinə də kölgə salır. Belələrini tələbələrin düşməni adlandırsaq, yəqin ki, mübaliğəyə yol vermərik”.
ADU rəsmisi “Məhkəməyə müraicət edəcəksinizmi?” sualına belə cavab verib: “Bir daha hansısa sayt ağ yalan yazsa, dərhal məhkəməyə müraciət edəcəyik. Maddi təzminat barədə iddia qaldıracağıq. Maddi təzminat, yəni əldə edilən vəsait isə bu yaxınlarda ADU-da tələbələrin rifahı və universitetin inkişafı üçün yaradılmış “Sosial fond”a keçiriləcək”.
Qaynarinfo.Az