İdman 11:23 29.03.2024

AFFA bu klubla bağlı İntizam Komitəsinin qərarını ləğv etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı U-15 liqasında yarışan "Lion”un müraciəti barədə qərarını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, qurum U-15 Liqası çərçivəsində martın 10-da keçirilən "Səbail” – "Lion” oyunundan sonra  "Lion”un azarkeşləri tərəfindən hakimlərin təhqir olunmasına, onlara hədə-qorxu gəlinməsinə görə üç ev oyununun azarkeşsiz keçirməsi cəzası ilə bağlı İntizam Komitəsinin qərarı ləğv edilib. 

Apellyasiya Arbitraj Tribunalının qərarı aşağıdakı kimidir

1. "Lion” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA U-15 Liqası çərçivəsində 10 mart 2024-cü il tarixdə keçirilən "Səbail” FK – "Lion” PFK oyunundan sonra  "Lion” PFK komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə, onlara hədə-qorxu gəlindiyinə görə "Lion" PFK-nın 3 ev oyunu azarkeşsiz keçirməsi cəzasının verilməsi (İntizam Məcəlləsinin 1-ci maddəsi) barədə AFFA-nın İntizam Komitəsinin 15 mart 2024-cü il tarixli qərarı ləğv edilsin.
3. İş yenidən baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilsin.
4. Apellyasiya şikayəti qalan hissədə baxılmamış saxlanılsın.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Səbuhi Həsənov