İdman 10:28 24.06.2022

AFFA əcnəbi komitə sədrini yola salır

AFFA-da ayrılıq gerçəkləşib.

Qaynarinfo xəbər verir ki, qurum Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin iyunun 30-da başa çatacaq müqaviləsinin müddətini uzatmayıb.

Milli assosiasiya 2018-ci il sentyabrın 14-dən bu vəzifədə çalışmış avstriyalı mütəxəssisə fəaliyyəti qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.

Frits Ştuxlik müqavilə müddətinin başa çatması ilə əlaqədar affa.az-a qısa açıqlama verib:
 
"Son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində izlədiyimiz pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam!”.