Yay fasiləsində xeyli futbolçu ilə yolları ayıran "Səbail" yeni mövsüm üçün bir sıra yerlilərlə yanaşı, cəmi 3 legioner transfer etdi. İldən-ilə büdcəsi azaldılan və çətin duruma salınan paytaxt təmsilçisi bunlara baxmayaraq, yeni mövsümə qələbə ilə başladı. İlk turda "Sabah"la qarşılaşan "Dənizçilər" 1:0 hesablı qələbəyə sevindi. Bəs klubun 2021/2022 mövsümü üçün planları nədir? Suallarımıza cavab almaq üçün baş məşqçi Aftandil Hacıyevlə danışdıq.
Aftandil bəy Qaynarinfo-ya müsahibəsində planlarından danışmaqla yanaşı, bir sıra maraqlı məqamlara da toxundu.
- Yeni mövsümə qələbə ilə başlayan 2 komandadan biri "Səbail" oldu. Bu, hazırlıq dönəminin yaxşı keçirilməsi anlamına gəlir?
- İlk oyun psixoloji baxımdan bütün komandalar üçün çətin keçir. Düşünürəm ki, biz psixoloji cəhətdən matça daha hazırlıqlı idik. Fərqli hazırlıq keçməmişdik. Əksinə, Gürcüstanda komplektləşməmiş heyətlə təlim-məşq toplanışında olduq. Buna baxmayaraq, əlimizdəki futbolçuların potensiallarını, bacarıqlarını görmək yaxşı informasiya oldu. Fikrimcə, "Sabah" bizdən daha səmərəli hazırlıq keçib. Gürcüstanda olarkən heyətlərinin artıq 80-90 faizi bəlli idi. Zənnimcə, qələbəmizdə əsas rolu psixoloji hazırlıq oynadı.
- Bu mövsüm "Səbail"in hədəfləri nə olacaq? Çempionluq bir kənara, heç olmasa avrokuboklara iddia edə biləcəksiniz?
- Haqqımızda belə fikirlərin səsləndirilməsi xoşdur. Digər klublarla aramızda olan transfer fərqləri, keyfiyyəti açıq-aşkar görünməkdədir. Ancaq çalışacağıq ki, mübariz komanda formalaşdıraq. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulmasa da, əvvəlki illərdə olduğu kimi, bunun üçün sona qədər mübarizə aparacağıq.
- Yay fasiləsində ötən mövsümkü heyətin bir çox üzvü ilə yollar ayrıldı. Yeni gələnlərdən isə cəmi 3-ü legionerdir. Əcnəbilərin sayının azaldılması klubun büdcəsi ilə əlaqədardır?
- Ümumiyyətlə, ildən-ilə "Səbail"də əcnəbilərin sayının azaldılması ilə bağlı fikir var idi. Bilirsiz ki, yeni komandayıq, 4-5 ildir fəaliyyət göstəririk. Akademiyadan az istifadə edə bilirik. Yəni, oradan maksimum 2-3 oyunçu götürmək imkanımız olur. Ötən illərdə də legionerlərin azaldılması ilə bağlı söhbərlərimiz olub. Bura əlbəttə, büdcənin azaldılması da daxildir. Büdcə çox olsaydı belə, əvvəldən belə fikrimiz var idi. Bu il hələ ki, 3 legionerlə başlamışıq. Bir nəfər də tapa bilsək, dördüncü olacaq. Ondan sonra yəqin ki, transfer etməyəcəyik. Qış fasiləsində imkan və ehtiyac olsa, bəlkə də hansısa dəyişikliklər edə bilərik. Hazırkı yay fasiləsində isə transfer məsələlərini maksimum bir legioner almaqla bağlamaq fikrindəyik.
- Klubun durumunu, Premyer Liqada oynadığını nəzərə alsaq, əcnəbilərin azaldılması "Səbail" üçün faydalıdır, yoxsa çətinliklər yarada bilər?
- Premyer Liqanın tələblərinə cavab verən kifayət qədər yerli futbolçu olsa, heç bir legionerdən istifadə etməzdim. Yerlilərin də qayğısına qalmaq lazımdır. Kifayət qədər geniş seleksiya məşqləri keçirdik. Yerli futbolçuların qıtlığını görmək asan idi. Heyətimizdə 4 nəfər yaşlı futbolçu var ki, hətta onlara da ehtiyac duyuruq. Məsələn, Kamran Ağayevi, Rauf Əliyevi, Əfran İsmayılovu, Rahid Əmirquliyevi əvəz edəcək yerli gənc futbolçu tapmaq çox çətindir. Rəqabət yaratmaq asan olmur.
- Ötən mövsüm dəvət etdiyiniz futbolçulardan hansıları məhz ümidləri doğrultmadığı üçün göndərdiniz?
- Deməzdim ümidləri doğrultmadı. Sadəcə, 2-3 legioner vardı ki, düşündüyümüzdən aşağı səviyyədə çıxış etdi. Onları da qınamıram. Eləsi var komandaya son anda qoşuldu. Bəziləri ölkəsindən ilk dəfə kənara çıxırdı. Şərtlərimizə görə normal saymaq olardı. Bu il isə həmin transferlərdən imtina etmək qərarına gəldik. Ehtiyac olacaqsa, götürəcəyik. Ondansa yerli gəncləri cəlb edirik.
- Yeni transferlərdən gözlədiyinizi ala bilirsiniz? Ümumiyyətlə, onlar göndərdiyiniz legionerlərdən nə ilə fərqlənir?
- Göndərdiyimiz legionerlərdən bəzilərini istəmədik. Amma onların arasında komandada qalmasını istədiyimiz futbolçular vardı. Ən azı 5-6 nəfəri saxlamaq istəyirdik. Sadəcə, şərtlər uyğun gəlmədi.
- "Səbail"də diqqət çəkən məsələlərdən biri də əsas qapıçı Nikolas Hagenin göndərilməsi oldu. Kamran Ağayev uzun marafon boyu komandanı çiyinlərində daşımağa hazırdır?
- Bizdən gedən legionerlər, daha yaxşı şərtlər qarşılığında başqa klublarla müqavilə bağladılar. Onlar üçün də "Səbail"də oynamaq faydalı oldu. Qapı xəttində Kamrana daha çox şans vermək istədik. Kamran olmasa belə, həmin mövqedə rəqabət var. Elxan, Şahin, hər biri məşqlərdə səylə çalışır. Bu üç qapıçıdan biri hər an qapıda dayana bilər. Əvəzedicilərdə də Nail var, gənc qapıçıdır. Qapı mövqeyini bu il yerlilərə tapşırmağı düşünürük.
- Kamran Ağayev tam formaya düşüb?
- Onun üçün çox çətindir. Amma çalışır, peşəkardır, bilir ki, qapıda dayanacaqsa, mütləq formaya düşmək lazımdır. Həqiqətən məşqlərdə əzmkarlıq göstərir. Bilirəm, onun üçün çox ağırdır, ancaq biz səbr edəcəyik. Təki Kamranı yenidən futbola qaytarmağı bacaraq.
- Bəs onun yenidən milliyə çağırılması perspektivini necə görürsünüz?
- Niyə də olmasın? Qapıçılar elədir ki, yaşa dolduqca daha da püxtələşir. Fikrimcə, Kamranın yenidən milliyə qayıtması mümkündür. Nəinki Kamran, digər təcrübəli futbolçularımızdan, məsələn Raufdan, Əfrandan, Rahiddən hələ istifadə etmək olar. Bütün oyunlarda olmasa belə, millidə ehtiyac yaranacağı təqdirdə onlardan yararlanmaq mümkündür.
- Neçə müddətdir adını çəkdiyiniz bu futbolçularla çalışırsınız. Daim yığmamızın əsas üzvləri olublar. Bir mütəxəssis kimi hazırda onların millyə çağırılmamasının səbəbini nədə görürsünüz? Öz günahlarıdır, yoxsa baş məşqçinin oyun üslubuna uyğun gəlmirlər?
- Belə düşünmək istəmirəm. Sadəcə, millidə gəncləşdirmə prosesi gedir. Mən də bunun tərəfdarıyam. Hansı mövqedə rəqabəti artırmaq istəsələr, bizdəki təcrübəli futbolçulardan yararlana bilərlər. Bilirəm ki, hamısını nəzarətdə saxlayırlar. Siyahıda onların da adları ola bilər. Hər an dəvət gözləyirlər. Bu toplanışda olmasa da, növbəti tsikllərdə onları da dəvət edə bilərlər. Bu futbolçular faydalı iş görə bilərlər.
- Onlar yığma üçün nə dərəcədə hazırdırlar?
- Mövsümün ilk oyunu idi. İndi heç bir futbolçu pik formada olmur. Buna baxmayaraq, onların təcrübəsindən faydalanmaq mümkündür. Məncə, formalarını daha da yüksəldəcəklər.
- Növbəti turda ölkə çempionluğuna əsas namizədlərdən olan "Qarabağ"la qarşılaşacaqsınız. Bu matça necə hazırlaşmağı düşünürsünüz?
- Bilirik ki, "Qarabağ" ölkənin ən təcrübəli komandasıdır. Hazırda Konfrans Liqasında çıxış edir. Ən formada olan komandadır desəm, yanılmaram. Həm avrokuboklarda kifayət qədər oyun, həm də yoxlama matçları keçiriblər. Bizdən fərqli, daha hazırlıqlıdırlar. Rəqibi təhlil edirik, bilirik ki, bizi çətin oyun gözləyir. Düzgün oynasaq, xarakter göstərə bilsək, hər bir rəqiblə mübarizə aparmağımız mümkündür.
- Sabiq komandanız "Qarabağ"ın Konfrans Liqasındakı çıxışları haqda nə düşünürsünüz?
- Hazırda həm "Qarabağ", həm "Neftçi" cavab matçını gözləyir. Hər ikisinin çıxışını qənaətbəxş saymaq olar. Pley-off-da oynamaq böyük hadisədir. İnanıram ki, qrup mərhələsinə də vəsiqə qazanacaqlar.
- Qarabağ"ın Konfrans Liqasına köklənməsi, yorğunluğu Premyer Liqanın ikinci turunda "Səbail" üçün əlverişli olacaqmı?
- Belə düşünmürəm. "Qarabağ"ın ikinci heyətindəki futbolçular belə kifayət qədər keyfiyyətlidir. Ümumiyyətlə, əllərindəki bütün futbolçular əsas heyətdə oynamağa layiqdirlər. Bilirik ki, "Qarabağ" rotasiya etməyi xoşlayır. Qarşımızda zərrə qədər də zəif olmayan komanda dayanacaq. Əksinə, daha gümrah heyətlə oynayacaqlar. Xüsusi plan deməzdim, amma hər rəqibə fərqli yanaşırıq. Yəni, təhlil aparanda rəqibdən-rəqibə fərqlər olur. Ona görə oyun planında da bəzi dəyişikliklər həyata keçirə bilərik.
Səbuhi Həsənov