Foto 17:46 14.03.2023

Ağdamda "Qəhrəman təhsil işçiləri" kitabının təqdimatı olub (FOTO)

Ağdam rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi (ATİAHİ) tərəfindən hazırlanmış kitabın təqdimatı baş tutub.

ATİAHİ Ağdam rayon komitəsi və Ağdam rayonu üzrə təhsil sektorunun birlikdə təşkilatçılığı ilə keçirilən tədbirdə "Qəhrəman təhsil işçiləri" adlı kitab təqdim edilib. Təqdimat mərasimində Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli tam orta məktəbin idman müəllimi, şəhid Vüqar Vəliyevin anası, qazi təhsil işçiləri də iştirak edib. Kitabda müəllimlərin torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüş yolundan bəhs edildiyi vurğulanıb.

Tədbirdə çıxış edən ATİAHİ Ağdam rayon Komitəsinin sədri Xalidə Həsənova bildirib ki, bu kitab sayəsində şagirdlərimiz qəhrəman müəllimlərimizi tanıyacaq və onlarla həmişə qürur duyacaqlar: "Bizim müəllimlərimiz həmişə şagirdlərə nümunə olub. Müəllimlərimizin oğullarımıza aşıladığı vətənpərvərlik ruhu Vətən müharibəsində özünü göstərdi. Bu da qələbəmizdə müəllimlərimizin də rolunun göstəricisidir. Bu kitabda da təkcə Ağdam üzrə yox, bütün Respublika üzrə təhsil işçilərimizin döyüş yollarından bəhs edilib".

Həmçinin Novruz bayramı ilə əlaqədar Azərbaycan Təhsil İşçilər Ağdam rayon Komitəsi tərəfindən iştirakçılara hədiyyələr verilib.

Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyinə bütün təhsil işçiləri adından təşəkkür edilib.

Xatırladaq ki, Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib. Torpaqlarımızın azad edilməsi üçün qismən səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq böyük qəhrəmanlıqlar göstərib.