"Bəzən şagirdlərin çantalarının ya özü ağır olur, ya da içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlərdə onurğa əyriliyinin yaraması ilə nəticələnir".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəb çantalarının ağırlığı haqqında danışarkən deyib.
Ekspert bildirib ki, məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir:
"Eyni zamanda, çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır. Bu gün təkcə dərs oxumaq yox, həm də dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib".
Kamran Əsədov qeyd edib ki, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa əlavə dərs ləvazimatlarının da daşınmasıdır:
"Şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürür. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanı daha da ağırlaşdırır. Beynəlxalq təcrübə və qəbul olunan prinsiplərdə isə çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. Boş çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər”.
Ekspert bununla bağlı monitorinq apardığını da vurğulayıb:
"I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər l ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur. Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir. ABŞ-da uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci günü isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur”.
Kamran Əsədov vəziyyətdən çıxış yolunu da izah edib:
"Çıxış yolu rüblüklər üzrə dərsliklərin hazırlanması ola bilməz. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var, bunan başqa mövzular arası əlaqə pozulur. Çünki hər 4 həftədən bir keçirilən KSQ və rübün sonunda keçirilən BSQ imtahanlarında şagirdlər əvvəlki mövzuları da təkrarlamalı olurlar. Əgər həmin vəsaitlər onların yanında olmasa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar. Elm və Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bu olduqca müsbət bir addımdır".
"Kitabların çəkisi necə yüngülləşdirilə bilər" sualına cavab verən ekpert bildirib ki, bunu bir neçə yolla etmək olar:
"Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. Dərsliyin yazı şiriftlərini kiçiltməklə həcminin azaldılması mümkündür. Amma bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuzda orta məktəblərdə təhsil alan şəgirdlərin 65 faizində görmə problem var və bu və addımın atılamsı daha ciddi fəsadlar yarada bilər. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxa bilər. Dərsliyin çəkisinin azaldılması istiqamətində hesab edirəm ki, atılmalı ən zəruri addımlarrın biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar. İkincisi dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur".
Bahar Rüstəmli