Avropa Komissiyası yeni tip koronavirusun iqtisadi nəticələri ilə mübarizə üçün 1 trilyon avrodan çox büdcə ayrılmasını təklif edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ittifaqa üzv ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin videokonfrans yolu ilə keçirdikləri iclasda çıxışı zaman deyib. O, Almaniya və Fransanın epidemiyanın təsirlərinə qarşı 500 milyard avroluq büdcə ayrılması təklifini də müsbət qarşıladıqlarını bildirib. Əlavə edib ki, komissiyasının təklifi bundan daha cəsarətli olacaq^
"Hədəfimiz əslində maliyyələşmə miqdarını yüz milyardlar civarında artırmaq deyil, trilyon avronu aşan bir rəqəmdir. Əlbəttə bu vəziyyətdə həm kreditlər, həm də qrantlar haqqında danışırıq. Ancaq hər halda xilasetmə təklifi çərçivəsində irəli sürdüyümüz proqramın həcmi bu qədərdir. Burada müxtəlif investisiyalar və struktur islahatları yer alacaq. Bu planın mərkəzində Avropa İttifaqının 2021-2027-ci illər üçün növbəti uzunmüddətli büdcəsi dayanır".
Təklif mayın 27-də irəli sürüləcək və iyun ayında Avropa İttifaqı ölkələri hökumətlərinin əsas müzakirə mövzusu olacaq.
Camal