Xəbər lenti

Alim Qasımov prezidentə muğam oxumağından danışdı
Ölkə13:32 14.02.2014

Alim Qasımov prezidentə muğam oxumağından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mənim danışmağıma ehtiyac qalmadı, yəqin mən də qocalanda danışaram”

Fevralın 13-ü Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bir sıra tanınmış sənətkarlarla görüşüb. 

Bu tədbirdə ən maraqlı məqam isə xanəndə Alim Qasımovun görüşün ssenarisindən kənara çıxaraq, heç kimin gözləmədiyi halda ayağa qalxaraq üzünü prezidentə tutub muğam oxuması oldu. Bir neçə dəqiqə ifadan sonra o, xanəndə Təyyar Bayramova müraciətlə “keç təsnifə, ay bala” deyərək ifasını bitirib. 

Alqışlarla qarşılanan çıxış bu gün sosial şəbəkələrdə və elektron mediada əsas mübahisə mövzusuna çevrilib. Kimisi bu addımı müsbət, kimisi isə mənfi hal kimi dəyərləndirib.

Görüşlə bağlı təəssüratlarını öyrənmək üçün A.Qasımovla əlaqə saxladıq. Mərasimdə müzakirə olunan məsələlər barədə söz açan xalq artisti bunları dedi:

“Tədbirdə ağsaqqallar danışdı, biz dinlədik. Dəyərli sənətkarlarımız Ağaxan Abdullayev, Səyavuş Kərimi, Arif Babayev danışdılar. Mənim danışmağıma ehtiyac qalmadı, yəqin mən də qocalanda danışaram. Həqiqətən bu təşəbbüs çox yaxşı oldu. Vaxt vardı Hacıbaba Hüseynov zirzəmidə dərs keçirdi. İndiki yerimiz bərbad vəziyyətdə idi. Odur ki, Azərbaycan xalq musiqisinə edilən bu hədiyyə bizim üçün şərəfli idi. Tədbirdə hər birimiz sevincimizi bildirərək, milli musiqimiz haqqında maraqlı söhbətlər etdik”.

Bu günlərdə Bakıda havalar şaxtalı keçəndə Alim Qasımov mətbuata bildirmişdi ki, yaşadığı Güzdək qəsəbəsində elektrik və qaz kəsilib. Xanəndə demişdi ki, soyuqdan donuruq. A.Qasımovdan soruşduq ki, prezidentlə görüşdə bu məsələdən danışdımı? 

Xanəndə suala “salamatlıq oldu. Elə o zaman elektrik və qaz bərpa edilib, hər şey yaxşıdır” cavabını verdi.

Xanəndədən yaradıcılığı ilə bağlı yenilikləri də soruşduq. O dedi ki, fevralın 28-də qızı Fərqanə xanımın Heydər Əliyev adına sarayda təqdimat konserti olacaq: “Hələ ki, əsas yenilik budur”.  

musavat.com