Sosial şəbəkələrdə küçədə corab satdığı yerdə görüntüləri yayılan aktyor Allahverdi Yolçuyev hələ də işsizdir.
Aktyor bu barədə Qaynarinfo-ya danışıb. O bildirib ki, hələ də ümidini itirməyib və sentyabr ayında yenidən müraciət etməyi planlaşdırır:
"Sentyabr gəlsin, görək. Bəlkə işlə bağlı hansısa xəbər olar. Bu günə qədər heç yerə müraciət etməmişəm. Ümidsiz yaşamaq olmaz. Sentyabrın birinci ongünlüyündən sonra yenidən müraciət edəcəyəm. Həmin vaxta qədər kimlərin işdə qalacağı, kimlərin isə işdən çıxarılacağı məlum olacaq. Qanunlar da az qala hər gün dəyişir. Aktyorlar çox ağır vəziyyətdədir. Deyirlər ki, bütün yaşlı aktyorları işdən çıxaracaqlar. Bəs onda yaşlı obrazları kim canlandıracaq? Nə etmək olar..."
Allahverdi Yolçuyev hesab edir ki, aktyor tamaşaçı alqışları altında səhnəyə çıxdığı kimi, həmin alqışların müşayiəti ilə də səhnə ilə vidalaşmalıdır:
"İndi hər şey çətindir. Corab satmaqdan qurtarmışam. Bundan sonra kalqotka satacağam".
Qeyd edək ki, Allahverdi Yolçuyev bir müddət əvvəl küçədə corab satarkən lentə alınmış, həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Bahar Rüstəmli
Şərhlər