Xəbər lenti

Alman bankir niyə Azərbaycan klubuna sədr təyin edildi? - Təfərrüatlar
İdman12:06 02.09.2016

Alman bankir niyə Azərbaycan klubuna sədr təyin edildi? - Təfərrüatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxınlarda "İnter" klubu rəsmi açıqlama yaydı ki, klubun Müşahidə Şurasının sədri Yohann Enqbrext olacaq. Bəs niyə məhz Enqbrext?

Qaynarinfo.Az bu məsələ ilə bağlı maraqlı məlumatlar öyrənə bilib. 

Əvvəla onu qeyd edək ki, "İnter"də Müşahidə Şurası "Neftçi" və ya "Kəpəz"dəki kimi deyil. Yəni Müşahidə Şurasının sədri ilə yanaşı, klubun prezidenti də var. "İnter"in Müşahidə Şurası "Sumqayıt"dakının eynisidir. Düzdür, "Sumqayıt"ın rəsmi saytına nəzər saldıqda klubun Müşahidə Şurasının sədrinin kim olduğu bilinmir. Ancaq faktiki olaraq bizə bəllidir ki, AFFA-da Apellyasiya Arbitraj Tribunalının sədri, millət vəkili, eyni zamanda "Azərikimya" İB-nin Müşahadə Şurasının sədri olan Muxtar Babayev "Sumqayıt"da baş sponsor olaraq eyni funksiyanı yerinə yetirir. Yəni, Kamran Quliyevin adı prezident kimi getsə də, faktiki olaraq "Neftçi"də Elnur Məmmədovun, "Kəpəz"də Mehman Allahverdiyevin vəzifəsi olan icraçı direktor funksiyasını yerinə yetirir.

Elə "İnter"in prezidenti Rəşad Qasımov da alman sədr kluba təyin olunandan II dərəcəli adama çevrilib. Onun da üzərində "prezident" sözü qalsa da, faktiki ağalıq artıq Enqbrextə məxsusdur.

Əslində Enqbrext avqustda yox, daha əvvəldən kluba təyin olunub. Təsadüfi deyil ki, bu ilin yanvarından ötən futbol mövsümünün sonunadək alman Peter Noyştedter onun sayəsində klubda çalışıb. Xatırlayırsınızsa, AFFA-nın əvvəl "Rəvan" klubuna idman direktoru təyin etdiyi Noyştedter Nuru Əliyevin klubu ilə forma qalmaqalı yaşadığı üçün qovulmuş və bir müddət gözə dəyməmişdi. Lakin ötən ilin dekabrında məlum olmuşdu ki, Noyştedter "İnter"ə Uşaq-Gənclər Məktəbinin rəhbəri təyin olunub. Yəni bu təyinatı nə AFFA, nə də Rəşad Qasımov istəmişdi. Bu təyinat məhz Enqbrextin istəyi ilə reallaşmışdı.

Yuxarıda 2-ci cümlədə verdiyimiz sualı yenidən təkrarlayırıq. Bəs "İnter"in sahibi olan Azərbaycan Beynəlxalq Bankı niyə məhz Enqbrexti Müşahidə Şurasının sədri təyin edib? Məsələ burasındadır ki, Enqbrext əvvəllər Almaniyanın "Kommertsbank" (Commerzbank) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub. Həmin vaxtlar isə Beynəlxalq Bankın İdarə Heyətinin indiki sədri Elmar Məmmədovla Enqbrext arasında yaxşı münasibətlər formalaşıb. Bu münasibətlərin nədən ibarət olduğunu bilməsək də, o bizə məlumdur ki, almaniyalı həmin dönəmlərdə Məmmədova çox yaxşılıqlar edib. Elmar bəy də qafqazlılara xas həmin yaxşılıqları unutmamaq qərarına gəlib və futbol bilikləri olan, məşqçilik lisenziyasına malik Yohan Enqbrexti şuraya sədr təyin etdirib. Özünün adının sədr kimi getməməsində 2 amil rol oynayıb: həm özü futbolu o qədər də yaxşı bilmir, həm də adı nə qədər mətbuatda az çəkilsə, bir o qədər yaxşıdır.  

Əslində bu klubda Müşahidə Şurası da formal xarakter daşıyır. Klubda əvvəllər formal olaraq Müşahidə Şurasının bir üzvü kimi AFFA İcraiyyə Komitəsinin üzvü, futbol veteranı İsgəndər Cavadov görünürdü. İndi heç klubda üzvlərin kim olduğu dəqiq bilinmir. Belə olsaydı, "İnter"in rəsmi saytında Müşahidə Şurası ilə bağlı xüsusi bölmə də olardı. Yəni, istənilən halda Enqbrext klub rəhbəri kimi görünsə də, yenə əsas söz sahibi klubun sponsoru Beynəlxalq Bankın sədri Elmar Məmmədovdur.

Qaynarinfo.Az