Dünən keçirilən oyunlardan sonra millimizin yer aldığı C qrupunda bir yerdəyişmə olub.
"Qaynar" xəbər verir ki, millimizin Bakıda Almaniyaya məğlub olduğu dəqiqələrdə Çexiya da səfərdə San-Marinonun daşını daş üstünə qoymayıb. "Cırtdanlar"ın qapısından 6 cavabsız qol keçirən çexlər qrupdakı xallarının sayını 8-ə çatdırıb. Bununla Çexiya qrupda bizi qabaqlayıb. Belə ki, San-Marino və Norveçi məğlub edən, Çexiya ilə bərabərə qaldıqdan sonra ardıcıl iki oyunda uduzan millimizin aktivində 7 xal var.
Şimali İrlandiyadan 4 cavabsız qol buraxan komandamızın almanlarla oyunda da topu 4 dəfə tordan çıxarması diqqət çəkən məqamdı. Halbuki ilk 4 qarşılaşmadan sonra qapımızdan top buraxmadığımızla öyünürdük.
Bakıda Şimali İrlandiya keçirəcəyimiz oyun bizim üçün əsl final əhəmiyyəti daşıyacaq. İyunun 10-da Şimali İrlandiyanı Bakıdan xalsız yola sala bilməsək, qrup ikinciliyi arzusunun da üzərindən xətt çəkə bilmərik. Məğlubiyyət 3-cü pilləni belə bizim üçün əlçatmaz edə bilər. Çünki dünən San-Marinonun qapısından 6 top keçirən çexlər qrupda iddialarından əl çəkmək fikrində olmadıqlarını ortaya qoydular.
Hazırda C qrupunda vəziyyət belədir: Almaniya - 15, Şimali İrlandiya - 10, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San-Marino - 0.
Növbəti oyunlar iyunun 10-da keçiriləcək: Azərbaycan - Şimali İrlandiya, Almaniya - San-Marino, Norveç-Çexiya.