İdman 18:51 31.08.2022

AMADA-dan inqilabi layihə - Süni intellekt...

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə süni intellekt tətbiq edəcək.

Qurumun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, idmançı hüquqlarının qorunmasına hər zaman böyük əhəmiyyət verən AMADA sentyabrı idmançı hüquqları ayı elan edib.

Bu çərçivədə qabaqcıl informasiya texnologiyalarının da tətbiqini nəzərdə tutan bir sıra layihələr həyata keçiriləcək. Bunlardan biri idmançı hüquqlarının qorunması baxımından inqilabi xarakter daşımaqla, dünyada bir ilk sayılan süni intellektdən yararlanaraq, antidopinq icraatları zamanı bütün idmançıların ədalətli mühakiməyə bərabər çıxışını təmin etmək məqsədi daşıyır. 

Avstraliyanın antidopinq təşkilatı "Sport Integrity Australia" ilə əməkdaşlıq sazişi əsasında həyata keçirilən layihə idmançılara süni intellektdən istifadə etməklə, pulsuz hüquqi yardım xidmətlərinə çıxış imkanı verəcək. AMADA hesab edir ki, bu layihə həm Azərbaycanda, həm də bütün dünyada idmançıların hüquqlarının müdafiəsi baxımından mühüm addım olacaq. Layihə, şərait və statusundan asılı olmayaraq, hər kəsin keyfiyyətli hüquqi yardım haqqının olması prinsipinə əsaslanır.

Məqsəd, yaşadığı ölkə və maddi vəziyyətindən asılı olmayaraq, hər bir idmançının antidopinq icraatı zamanı keyfiyyətli hüquqi yardımla təmin olunmasına dəstək verməkdir. Süni intellekt idmançılara antidopinq icraatları zamanı düzgün və əsaslandırılmış qərarları qəbul etməkdə ən vacib məlumat və tövsiyələri verəcək.

Qeyd edək ki, süni intellekt hazırda bir çox sahələrdə tətbiq olunur və problemlərin həllində geniş istifadə edilir. Antidopinq və hüquq sahəsində süni intellektdən istifadəsi isə idmançıların ödənişsiz və keyfiyyətli hüquqi yardıma əlçatanlığını artırır. Bu, idmançıların ədalətli və bərabər əsaslarla özlərini müdafiə edə bilmələri üçün mühüm addımdır.

AMADA idmançıların hüquqlarının müdafiəsində süni intellektdən istifadəni təşviq etməsi, həm də milli və qlobal çağırışların tələblərindən irəli gəlir. Qurumun 2021 - 2025-ci illəri əhatə edən Strateji İnkişaf Planı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında hazırlanıb. Hər iki sənəddə insan hüquqlarının qorunması və müasir texnologiyaların tətbiqi mühüm yer tutur və AMADA hər zaman bu dəyələrə sadiqliyini nümayiş etdirir.
 
Səbuhi Həsənov