Azərbaycan Milli Antidopinq Agentliyi Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirib.
Qaynarinfo xəbər verir ki, idman mediası nümayəndələrinin dəvət olunduğu tədbir "JW Marriot Absheron” otelində baş tutub.
Tədbiri qurumun direktoru Şəfəq Hüseynli açıq elan edib. O, əvvəlcə mətbuat işçilərini təbrik edib. Daha sonra Azərbaycanın qələbəsilə başa çatan 44 günlük Vətən Müharibəsində KİV nümayəndələrinin də şücaət göstərdiyini vurğulayıb. Ardından jurnalistlərin suallarını cavablandıran Şəfəq xanım Tokio Yay Olimpiya Oyunlarına yollanan müxtəlif idman növləri üzrə millilərimizin hazırki durumuna da aydınlıq gətirib: "Bu il dopinq nəzarəti və hazırlıq baxımından fərqli oldu. Beynəlxalq Antidopinq Agentliyi (WADA) ilə birlikdə lisenziyaçılarımızla tez-tez test keçirdik. Əvvəlki Olimpiada ilə müqayisədə deyə bilərik ki, idmançılarımız bu gün Tokioya "təmiz” yollanıblar. Bu işdə federasiyalar bizə lazımi dəstəyi göstərdilər".
AMADA-nın direktoru ağırlıqqaldıran Boyanka Kostovanın dopinq-testdən keçə bilməyərək Olimpiadadan kənarda qalması haqda suala da cavab verib: "Kostovanın testi ilk yoxlanışdaca müsbət nəticə verib. Ondan dopinq testi götürmək ixtiyarı daha çox Beynəlxalq Ağırlıqqaldırma Federtasiyasında (İWF) olub”.
Hüseynli antidopinq məsələlərində beynəlxalq qurumlarda Azərbaycana qarşı qərəzli mövqe görmədiklərini qeyd edib: "Bəzi idmançılarımızın dopinqdə ilişmələrində siyasi məsələlərin olduğunu deyə bilmərəm. Əksinə, bizə hər cür dəstək göstərilir. Nə vaxtsa problem yaratmaq istədiklərini görməmişik. Son bir neçə ildə bütün federasiyalarla yaxşı münasibətlərimiz qurulub".
Məlum olduğu kimi, dopinqdən istifadə etdiyi müəyyənləşən idmançılar bir çox hallarda çox ağır şəkildə cəzalandırılır. Hansı ki, uzunmüddətli cəzaya məruz qalan belə idmançıların əksəriyyəti bir çox hallarda kareyralarını bitirir ki, bu da ölkə idmanını zərbə altında qoyur. Qurumun direktoru dopinq aşkarlanan idmançıların cəzalandırılması metodu ilə bağlı suala da cavab verib. O bildirib ki, əksər hallarda belə idmançılara sərt şəkildə sanksiyalar tədbiq olunur. Amma bəzən güzəştə də gedilir. Direktor məhz bununla əlaqədar AMADA-nın hüquqşünaslarla daha yaxından işləməyə çalışdığını, sanksiyalar tətbiq olunarkən bir sıra məqamların gözdən keçirildiyini bildirib. Bu səbəbdən cəzaların daha ağır və ya yüngül ola biləcəyini də media nümayəndələrinin nəzərinə çatdırıb.
Sual-cavabdan sonra tədbirə dəvət olunan jurnalistlər arasında əyləncəli-intellektual viktorina keçirilib. Tədbirin ən maraqlı məqamları da məhz burada yaşanıb. Bilik yarışmasında iştirak edən 6 komandadan ikisi daha çox suala cavab verdiyindən xallar bərabər olub. Belədə qalibi müəyyənləşdirmək üçün əlavə suallara ehtiyac yaranıb. Bu mərhələdə də rəqibini üstələyən tərəf olmayıb. Nəticədə hər iki komandanın qalib elan edilməsinə qərar verilib.
Tədbirin sonunda media nümayəndələri üçün ziyafət təşkil olunub və hədiyyələr verilib.