İdman 11:35 13.05.2023

“Şamaxı”nın məşqçisi: “Hamımız üçün narahatlıq var...”

"Hər şey qaydasındadır. Turnir cədvəlinə görə bir az gərginlik var”.

Bu sözləri "Şamaxı”nın məşqçisi Vüqar Əsgərli deyib. Hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alan bölgə klubunu ən çox narahat edən məqamlardan biri mövsümün sonunda hazırkı durumdan çıxa bilməyərək aşağı dəstəyə yuvarlanmaqdır. 

Qaynarinfo-ya açıqlama verən Əsgərli bazar günü "Neftçi” ilə keçirəcəkləri matçdan öncə komandanın durumunu dəyərləndirib:

"Məşqlərdə ab-hava yaxşıdır. "Neftçi” ilə oyuna hazırlaşırıq. Həmişə demişəm ki, sonuncu dəqiqəyə qədər "Səbail”lə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq. "Şamaxı”nın sonuncu pilləyə düşməsi təcrübəsizliklə bağlıdır. Oyunları təhlil edəndə görürük ki, istədiyimizi ala, rəqibin cərimə meydançasına qədər gedə bilirik, sadəcə, bitiricilik yoxdur. Ani diqqətsizlik olur, hansısa toxunuş zamanı səhvlərə yol veririk. Bu da yeni qurulan komanda üçün normaldır. Zaman lazımdır ki, gənc yerli futbolçular inkişaf etsin. Çünki əksəriyyəti ilk dəfədir meydana çıxırlar. Düzdür, deyirlər ki, 30-dan çox oyun keçirmişik. Amma 30 oyuna futbolçu inkişaf etmir. Ən yaxşı halda 200-300 oyun keçirməlidirlər ki, futbolçu səviyyəsini artırsın”.

Mütəxəssis "Neftçi” ilə oyunda hər hansı üslub, taktiki və sair dəyişikliklər edilib-edilməyəcəyi haqda sualı belə cavablandırdı:

"Oyun sistemimiz eynidir. Amma hər dəfə olduğu kimi, rəqiblərə görə heyətdə dəyişikliklər ediləcək”.

Məşqçi turnir cədvəlinin sonunda olmağın futbolçular üçün narahatlıq yaratdığını da vurğuladı:

"Əlbəttə, sıxıntılar var. Tək futbolçular deyil, hamımız üçün narahatlıq var. Sona qədər mübarizə aparacağıq. Bu duruma dəfələrlə düşmüşük. Lakin futbolçular bizi vəziyyətdən çıxarıb. Yenə də onlara inanırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. 3 oyun necə oynamışıqsa, 4-cü dəfə də bu rəqiblərə qarşı eyni qaydada çıxış edəcəyik. Həmiəki kimi hazırlaşırıq”.

Səbuhi Həsənov