XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Amazon" süni intellekt üçün minlərlə qədim kitab alır, sonra onları məhv edir
Texnologiya17:13 19.08.2026

"Amazon" süni intellekt üçün minlərlə qədim kitab alır, sonra onları məhv edir

“Amazon” şirkəti süni intellektin təlimində istifadə etmək üçün böyük həcmdə çap kitabları alır və proses zamanı nəşrlərin bir hissəsi faktiki olaraq məhv edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “404 Media” nəşrinin araşdırmasında bildirilir.

Jurnalistlər ikinci əl kitab satıcılarının qeyri-adi sifariş artımı barədə məlumat verməsindən sonra şirkətin genişmiqyaslı kitab alışları ilə maraqlanıblar. Söhbət çox vaxt təsadüfi seçilmiş böyük kitab partiyalarından gedib və alıcılar qiymətə demək olar ki, əhəmiyyət verməyiblər. İyul ayında satıcılardan biri “Biblio” marketpleysi vasitəsilə təxminən 1000 kitabdan ibarət sifariş alıb. Satıcı jurnalistlərin onun marşrutunu izləyə bilməsi üçün kitablardan birinə izləmə cihazı yerləşdirməyə razılaşıb.

ABŞ ərazisinin demək olar ki, bir hissəsini əhatə edən mürəkkəb marşrutdan sonra kitablar “Amazon”un Las-Veqasdakı anbarına çatıb. Jurnalistlər əvvəlcə nadir kitabın niyə məhz bu ünvana göndərildiyini anlamayıblar. Araşdırmaya görə, kompleks əsasən sifariş əsasında kitab çapı ilə əlaqələndirilir. Lakin onun şimal hissəsində VGT3 kodlu ayrıca bölmə fəaliyyət göstərir.

“Amazon”da çalışan və işləri barədə internet forumlarında məlumat verən əməkdaşlar VGT3-ü kitabların qəbul edildiyi, kəsildiyi və skan edildiyi məkan kimi təsvir ediblər. Jurnalistlərin məlumatına görə, kitabların cild hissəsinin kəsilməsi nəşrləri daha sürətli və ucuz şəkildə skan etməyə imkan verir.

“Las-Veqasda VGT3-də işləyirəm və gördüyümüz iş yalnız kitabları skan etməkdir”, deyə forum istifadəçilərindən biri yazıb. O, əlavə edib ki, əməkdaşların bir hissəsi kitabları kəsir, digərləri isə onları qəbul edib ştrix-kodlarını skan edir.

Araşdırmanın müəllifi əməliyyatların ardıcıllığına da diqqət çəkib. Onun məlumatına görə, əməkdaşlar əvvəlcə ştrix-kodları və ya ISBN nömrələrini – nəşr olunmuş kitabların unikal identifikasiya nömrələrini – skan edir, daha sonra kitabların məzmunu üzərində işləyirlər. Bu, süni intellekt hazırlayan şirkətlərin mümkün qədər böyük mətn bazası toplamaq məqsədilə çap kitablarını sistemli şəkildə əldə etməsi ilə bağlı ehtimalı gücləndirə bilər.

Xüsusilə mətnləri hələ internetdə olmayan nəşrlər böyük dəyər daşıyır. “404 Media”nın fikrincə, çap kitabları süni intellekt hazırlayan şirkətlər üçün ona görə maraqlı ola bilər ki, köhnə nəşrlərdə generativ modellər tərəfindən deyil, insanlar tərəfindən yaradılmış mətnlər yer alır.

Bu baxımdan 2022-ci ildən əvvəl, yəni süni intellekt bumundan əvvəl çap olunmuş kitablar xüsusi əhəmiyyət daşıyır. Belə mətnlər süni intellektin getdikcə daha çox digər süni intellekt sistemləri tərəfindən yaradılmış məzmunla öyrədilməsi nəticəsində ortaya çıxa biləcək “model kollapsı” probleminin qarşısını almağa kömək edə bilər.

Nəşrin yazdığına görə, kitabların skan edilməsi zamanı fiziki olaraq məhv edilməsi təcrübəsi artıq “Anthropic” şirkəti və onun süni intellektin təlimi üçün kitab toplamaq layihəsi ilə bağlı məhkəmə işində də gündəmə gəlib. Məhkəmə müəyyən hallarda, o cümlədən orijinal nüsxənin məhv edilməsi nəzərə alınmaqla, kitabların süni intellektin təlimi üçün skan edilməsini ədalətli istifadəyə uyğun hesab edib.

Bununla belə, “Amazon”un fəaliyyəti ilə bağlı bir sıra suallar açıq qalır. Şirkət kitabları məhsul və xidmətlərinin inkişaf etdirilməsi məqsədilə aldığını təsdiqləyib: “Amazon” müştərilərimizin istifadə etdiyi məhsul və xidmətlərin hazırlanmasına və təkmilləşdirilməsinə kömək etmək üçün kommersiya kanalları vasitəsilə kitablar alır”.

Bununla yanaşı, şirkət kitabların skan zamanı niyə kəsildiyi, dünyada bu cür obyektlərin nə qədər olduğu və çap nəşrlərinin məhv edilməsi ilə bağlı tənqidlərə necə münasibət göstərdiyi barədə jurnalistlərin suallarını cavablandırmayıb.

Məsələ nadir kitablarla bağlı olduqda xüsusilə ciddi xarakter alır. “404 Media” onların adlarını açıqlamayıb, lakin bəzi nəşrlərin az sayda nüsxəsinin olduğunu və ya az yayılmış dillərdə yazıldığını qeyd edib. Satıcının sözlərinə görə, bu kitabların dəyəri yalnız onların qiyməti ilə ölçülmür. O, belə nəşrlərin tarixi, intellektual və sentimental əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, bu dəyər kitabları ilk növbədə böyük rəqəmsal məlumat massivinə çevirməkdə maraqlı olan şirkətlər üçün əhəmiyyət daşımır.

Aydın