Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq elmi konfrans işinə başladı. Qaynar.info-nun məlumatına görə, açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdilər, sonra isə Elmlər Akademiyasının binasında konfransın mövzusu ilə bağlı kitab və sənədlərdən təşkil olunmuş sərgiyə tamaşa etdilər.
Konfransı “Azərbaycan elmi: müasir durum və perspektivlər” mövzusunda məruzəsi ilə açıq elan edən AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirdi ki, Azərbaycan elminin yüksək səviyyədə olması Heydər Əliyevin böyük diqqət və qayğısının nəticəsidir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən elm sahəsində beynəlxalq aləmə inteqrasiyasından danışan Akif Əlizadə konfransda bir çox xarici ölkə nümayəndələrinin iştirakını tədbirin əhəmiyyətinin və çoxşaxəliliyinin göstəricisi kimi dəyərləndirdi.
Ural Federal Universitetinin professoru Nesterov Aleksandr Gennadiyeviçin fikrincə, qloballaşma unifikasiyanın bir variantı deyil, bu proses ənənələrin qorunması şərti ilə çoxqütblülüyə əsaslanmalıdır. Buna misal olaraq professor Rusiya ali məktəblərinin Azərbaycan təhsil ocaqları, xüsusilə də Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlığını nümunə göstərdi. A.G. Nesterov Ural Federal Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılışından, onun Rusiya elmində azərbaycanşünaslığın inkişafına verdiyi töhfədən bəhs etdi.
Daha sonra çıxış edənlər - İstanbul Kültür Universitetinin rektoru professor Sıddıka Semahat Demir, Litva Edukoloji Universitetinin professoru Vitas Kavalyauskas, Kapodistri adına Afina Milli Universitetinin professoru Katerina Nikolau, Ukrayna Milli Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun direktoru professor Kudryaçenko Andrey İnanoviç qloballaşma prosesinin səciyyəvi xüsusiyyətlərindən, alimlərin bu prosesdə rolundan danışdılar.
Sonda çıxış edən Azərbaycan elminin qocaman nümayəndələrindən olan 98 yaşlı akademik İsmayıl İbrahimov Heydər Əliyevin ölkənin, o cümlədən elmin inkişafında rolundan və uzaqgörən siyasətindən bəhs etdi.
Açılış mərasimindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirdi. Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan ictimai elminin inkişaf yolları”, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan humanitar elminin inkişaf yolları”, Fizika İnstitutunda isə “Azərbaycan elminin inkişaf yolları” mövzusunda dəyirmi masalar keçirildi.
Konfransın ikinci günündə yerli və xarici elmi institutlar arasında əməkdaşlıq haqqında müqavilələrin imzalanması planlaşdırılır.