Xəbər lenti

AMEA dövlətdən maliyyələşməməli, TN-nin tabeliyinə verilməlidir - Ekspert
Ölkə14:02 07.02.2022

AMEA dövlətdən maliyyələşməməli, TN-nin tabeliyinə verilməlidir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"AMEA dövlətdən maliyyələşməməli, Təhsil Nazirliyinin tabeliyinə verilməlidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov AMEA-da hansı islahatların keçirilməsi vacibliyindən danışarkən deyib:
"Mövcud durumu aradan qaldırmaq üçün AMEA-nın dövlət büdcəsindən maliyyələşməsi dayandırılmalıdır. İxtiralardan pul qazanmaqla AMEA-nı saxlamalıdırlar. Publik hüquqi şəxsə çevrilməli və göstərilən xidmətə görə gəlir əldə etməlidirlər. AMEA-nın müstəqil qurum statusu ləğv edilməli, Təhsil Nazirliyinə verilməklə tabe quruma çevrilməlidir. Onun müstəqilliyi, bir çox hallarda heç kimə hesabat verməməsi, yekun nəticədə problemlərə gətirib çıxarır. Akademiya gənc mütəxəssislərə imkanlar yaratmalıdır. Neqativ halların aradan qaldırılması üçün idarəetmədə tam şəffaflıq olmalıdır”.
 
Ekspertin fikrincə, quruma cevik qərarlar qəbul edən menecerlər rəhbərlik etməlidir: 
"Quruma yeni nəfəs gəlməlidir. Şərt deyil ki, onun rəhbəri akademik olsun. İstehsalla məşğul olan, kəşf və ixtiralar edən, əmək bazarının tələblərini bilən çevik menecerlər də quruma rəhbərlik edə bilər. Bir sözlə, əvvəlki qüdrətini qaytarmaq üçün AMEA mütləq mənada yenilənməli, təmizlənməlidir”.
K. Əsədov bildirir ki, indiki halda quruma hədsiz dərəcədə çox vəsait ayrılsa da, ortada ciddi elmi nailiyyətlər yoxdur:
"Azərbaycan Elmlər Akademiyası yarandığı dövrdən başlayaraq dövlət iradəetməsində belə yüksək təsirə malik olub. Demək olar ki, bu qurum respublikada gedən bütün proseslərə təsir göstərə bilirdi. Hətta bu qurum bütün siyasi proseslərə yön vermək imkanına malik olub. Amma son illər bunları görə bilmirik. AMEA ölkədə elm, təhsil, iqtisadiyyat, ümumiyyətlə, heç bir sahədə hər hansı bir təsirə malik deyil. Son illər bu qurum heç bir fəaliyyət ortaya qoya bilmir. Ancaq institutlar daxilində konfliktlərin şahidi oluruq. Gənclərimiz AMEA-ya maraq göstərmir. Çünki maneələr var”. 
Rüfət Sultan