Xəbər lenti

Siyasət 20:29 28.08.2022

Anar Əsədli: "İranın təhdidlərinə “ipli kuklalar”la cavab verilməməlidir"

Mətbuatda yenə də müxtəlif şəxslərin dilindən İranın ölkəmizə qarşı təhdid dolu mesajları yayılmağa başlayıb. Bu dəfə rəsmi Tehranın müstəqil Azərbaycanı təhlükə hesab etdiyinə dair xəbər və yazılara rast gəlinir. 

İranın təkrar-təkrar ölkəmizin müstəqilliyinə təhdid olan siyasi gedişləri bizi bu mövzunu hər daim gündəmdə tutmağa məcbur edir. Heç şübhəsizdir ki, cənub qonşumuzun bizim ona münasibətimizdən asılı olmayaraq, yürütdüyü siyasəti lehimizə olmayıb və olmayacaq. Biz uzun illərdir, İran haqqında gerçəkləri görməzdən gəlmə siyasəti yürüdürdük. Düzdür, bu siyasətin uğurlu olması hər zaman şübhə doğururdu, bununla belə, yürütdüyümüz yumşaq siyasət də Tehranı məkrli niyyətindən daşındırmadı. 

Anlaşılan odur ki, biz göz yumduqca İran daha da ayaq açıb. 

İndi dövlətin istifadə edə biləcəyi bəzi ideoloji, siyasi vasitələr, taktiki gedişlər, diplomatik addımlar vacibdir. Ancaq ictimai-siyasi fəallar, ölkənin siyasi üzləri Azərbaycan cəmiyyətini İranla bağlı daimi ehtiyatlı olmağa çağırmalı, cənubdan gələcək təhlükənin şimal qədər təhlükəli ola biləcəyini göstərməlidirlər. 

Uzun illərdir, həm yazıb, həm efirlərdə danışırıq ki, İran və Rusiyadan ölkəmizə heç vaxt dost olmayacaq, xüsusilə İran daim bizim bir dövlət kimi yox olmamız üçün hər şey etməyə hazırdır. Çünki İran öz daxilində türklərə hər an partlayan bomba kimi baxır. Buna görə də fürsət düşən kimi hər cür düşmənliyini edir. 

Bu baxımdan deyirdik ki, ehtiyac yarananda dövlətin istifadə edə biləcəyi bəzi ideoloji, siyasi tədbirlər görmək lazımdır və o zaman bəzi "praqmatik" siyasətçilər bu yanaşmanın doğru olmadığını söyləyirdilər. 

Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin də hakimiyyətdə olduğu zaman İrana qarşı yanlış siyasət yürütdüyünü bizə həvəslə danışan siyasətçilər "uzaqgörən" olmağı siyasətin əsas faktorlarından biri kimi vurğulayırdılar.
 
Təxminən 2 il əvvəl Milli Məclisin İntizam Komissiyası deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiqinə qərar verdi. Buna səbəb Bəhruz Məmmədovun parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına səsləndirdiyi tənqidi fikirlər olub. Komissiya hesab edib ki, deputatın fikirləri Azərbaycan və İran arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir (Sözə baxın: "Qonşuluq münasibətlərinin ruhuna"). 
 
 
 

Deputat çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır. Komissiyanın üzvləri bildiriblər ki, Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onların fikrincə, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz. 

Bəs nə oldu? Kim xələl gətirdi bu dostluğa? 

Bunları niyə təkrar xatırladıram? Çünki yuxarıda qeyd etdiyim kimi, təəssüf doğuran məqamları insanlarımız dəqiqliklə bilməlidir. Milli Məclisin bu qərarından az keçməmiş həmin bu "qonşuluq ruhundan" danışanlar elə bu parlamentdə başladılar İranın naqis xislətindən danışmağa. İndi təsəvvür edin ki, bir deputata söylədiyi fikrə görə cəza verən deputatlar 6 ay sonra deyirlər ki, İran özünü yığışdırmalıdır. Dünən cəzaya səs verən deputatın bu gün İran haqqında danışması qədər ikrah doğuran bir şey ola bilməz. 

Cəza verən deputatın bu gün asıb-kəsməsinin nə qədər gülməli və qeyri-ciddi olduğunu bizdən yaxşı elə düşmən bilir. 

Bəs nə etməliyik? İranın illərdir ki, ekspert, deputat, keçmiş məmur, dindar qılığında dövlətimizə açdığı ideoloji savaşda necə cavab verməliyik? 

Əlbəttə ki, "ipli kuklalar” vasitəsilə cavab vermək heç müzakirə mövzusu olmamalıdır. "İpli kuklalar”a sərf edilən zaman və enerji ideoloji quruluşların formalaşmasına, güclənməsinə yönləndirilməlidir. Birmənalı şəkildə bilməliyik ki, dövlətin strateji xarici siyasəti "ipli kuklalar”a etibar edilə bilməz. Bir zamanlar daxili auditoriya üçün yaradılan bu kuklaların xarici təhdidlərə qarşı nə siyasi, nə də elmi potensialı var. 

Təəssüflər olsun ki, 90-larda yaranmış və İranın aqressiyası qarşısında qalxan funksiyasını yerinə yetirən ideoloji mühit sonralar imperialist güclərin də istəyi ilə zəiflədildi. Bununla belə, bizdə bu istiqamətdə təcrübənin olması müsbət haldır və bu istiqamətdə yenidən təşkilatlanma üçün əlverişli baza deməkdir. Ümid edək ki, Azərbaycan siyasi hakimiyyəti içində bunu anlayanlar var və gecikmədən İrandan gələcək təhdidlərə qarşı ideoloji xəttin inkişafı üçün lazımi addımlar atılacaq. 

Hesab edirəm ki, ilk növbədə, bu və bu kimi təhdidlərə qarşı önləyici addım kimi milli kadrlar önə çəkilməli, ideoloji cəhətdən yetişmiş insanlar müxtəlif vəzifələrə təyin olunmalı, kritik mövqelərdə söz sahiblərinə çevrilməlidirlər. Bu cür məqamlarda gülüş obyektinə çevrilməmək üçün, eləcə də xarici siyasətdə parlament diplomatiyasının çəkisini artırmağı hədəf qoyan ölkə kimi ən qısa zamanda ideoloji cəhətdən ciddi formalaşmış aydınların, siyasətçilərin parlamentdə yer alması lazımdır. Bundan əlavə, Azərbaycanda həm müxalifət, həm iqtidar bir gerçəyi qəbul etməlidir ki, biz "qonşu-qonşu”, - deməklə yağıdan dost, ayıdan qardaş olmayacaq!
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->