Xəbər lenti

Texnologiya 22:58 22.05.2025

"Apple"ın yeni siyasəti "Spotify" satışlarını kəskin artırdı

"Apple" və "Epic Games" arasında illərlə davam edən "App Store" ödəniş sistemləri ilə bağlı mübahisə yeni mərhələyə qədəm qoyub. 

Qaynarinfo xəbər verir ki, ABŞ məhkəməsinin qərarı ilə "Apple" ölkədəki tərtibatçıların istifadəçiləri tətbiqdaxili alternativ ödəniş üsullarına yönləndirməsinə icazə verməyə məcbur qalıb. Bu dəyişiklikdən ən sürətli faydalanan şirkətlərdən biri isə "Spotify" olub.

"Spotify" "Epic Games"in lehinə verilmiş qərarı dəstəkləmək məqsədilə məhkəməyə təqdim etdiyi yeni ərizədə bildirib ki, iOS tətbiqinə əlavə etdiyi veb ödəniş bağlantısı sayəsində "Premium" abunəlik satışları artıb.

"Spotify"ın açıqlamasına əsasən, tətbiqdaxili qiymət məlumatı və birbaşa veb saytına yönləndirmə imkanının əlavə edilməsi ilə iOS istifadəçiləri arasında "Premium"a keçid faizi nəzərəçarpacaq dərəcədə yüksəlib. Bunun əksinə olaraq, Android istifadəçiləri arasında bu göstəricidə heç bir dəyişiklik baş verməyib. Şirkət bu fərqin əsas səbəbinin "Apple"ın 2025-ci il məhkəmə qərarına əməl etməsi olduğunu bildirib.

"2025-ci il qərarı sayəsində tərtibatçılar üçün böyük faydalar yarandı – lakin daha önəmlisi, istehlakçılar üçün də bu sistem birbaşa müsbət nəticələr verdi", deyə "Spotify" deyə qeyd edib.

Şirkətin yeni "Premium yüksəltmə səhifəsi", pulsuz istifadəçiləri abunəliyə keçməyə təşviq edir. Bu səhifədə abunəlik haqları aydın şəkildə göstərilir və istifadəçilər birbaşa ödəniş səhifəsinə yönləndirilir.

"Spotify" bu səhifənin cəmi iki həftəlik istifadəsində əhəmiyyətli nəticələr verdiyini, hətta səsli kitab (audiobook) satışlarında da cəmi üç gün ərzində müsbət təsirlərin müşahidə olunduğunu açıqlayıb. Lakin abunə artımına dair dəqiq rəqəmləri paylaşmaqdan imtina edib.

"Spotify"ın təqdim etdiyi bu ərizə, "Epic Games"in "Apple" əleyhinə davam edən hüquqi mübarizəsində "Microsoft" kimi texnoloji nəhənglərin də dəstəklədiyi sənədlər toplusuna əlavə edilib.

Bu arada, "Apple" hələ də məhkəmə qərarına tam əməl etməkdən yayınmağa çalışır. Şirkət, apellyasiya prosesi başa çatmadan əvvəl əvvəlki tətbiq siyasətlərinə qayıtmaq üçün təcili müraciət etmişdi, lakin məhkəmə bu tələbi rədd edib.

Bildirilib ki, "Apple" eyni müqaviməti "Fortnite" oyunu ilə bağlı da göstərsə də, məhkəmənin təzyiqi ilə oyun beş il sonra ABŞ "App Store"una yenidən əlavə edilib.

Hazırda məhkəmə prosesi ABŞ-ın Doqquzuncu Apellyasiya Məhkəməsi tərəfindən davam etdirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->