Xəbər lenti

Texnologiya 19:06 29.05.2025

"Apple" istifadəçilərinin 9 milyard dollarını bu yolla xilas edib

"Apple" illik təhlükəsizlik hesabatını yayımlayıb. Məlumatlar "App Store"da həm tərtibatçılara, həm də istifadəçilərə yönəlmiş müxtəlif fırıldaqçılıq metodlarının miqyasını ortaya qoyur.

Qaynarinfo xəbər verir ki, "Apple" "App Store" platformasında həyata keçirilən fırıldaqçılıq fəaliyyətlərinə qarşı apardığı mübarizəni əks etdirən yeni hesabatında, son beş il ərzində istifadəçiləri hədəf alan 9 milyard dollardan çox dəyərində fırıldaqçılıq cəhdinin qarşısını aldığını açıqlayıb. Tətbiq mağazasını hədəfə alan təhdidlər sırasında saxta tətbiqlərdən tutmuş oğurlanmış kartlarla edilən ödənişlərə qədər bir çox müxtəlif metod yer alır.

Şirkət bu prosesdə həm avtomatlaşdırılmış sistemlərdən, həm də insan nəzarətçilərdən ibarət çoxqatlı yoxlama mexanizmindən istifadə edir. Bu sistem sayəsində "Apple" yalnız "App Store"un təhlükəsizliyini təmin etməyi deyil, həm də istifadəçilərin şəxsi məlumatlarını və ödəniş məlumatlarını qorumağı qarşısına məqsəd qoyur.

2024-cü ilə aid rəqəmlər bu səylərin miqyasını əyani şəkildə göstərir. Yalnız bu il ərzində "Apple" 2 milyard dollardan çox dəyərində fırıldaqçılığın qarşısını alıb. Bununla yanaşı, təxminən 4,7 milyon oğurlanmış kredit kartı istifadəsi aşkar edilib və 1,6 milyondan çox istifadəçi hesabının şübhəli əməliyyatlar aparmasının qarşısı alınıb.

Tərtibatçı hesabları da fırıldaqçılıq fəaliyyətlərinin əsas hissələrindən biridir. "Apple" bu il 146 mindən çox tərtibatçı hesabını bağlayıb, əlavə olaraq 139 min müraciət ilkin mərhələdəcə rədd edilib. Bu rəqəmlər ötən il bağlanan 118 min hesab və qarşısı alınan 91 min saxta müraciətlə müqayisədə artım tendensiyasını göstərir.

Fırıldaqçılar yalnız tərtibatçı hesablarını deyil, adi istifadəçi hesablarını da müxtəlif manipulyasiya məqsədləri ilə istifadə edirlər. Rəyləri süni şəkildə artırmaq, axtarış nəticələrini çaşdırmaq və ya spam məzmun yaymaq bu üsullardan yalnız bir neçəsidir. "Apple", 2023-cü il ərzində 711 milyon şübhəli istifadəçi hesabının yaradılmasının qarşısını aldığını, 129 milyon hesabı isə birbaşa blokladığını bildirib.

İstifadəçi rəyləri və qiymətləndirmələr də "Apple"ın yaxından izlədiyi sahələr arasındadır. Ötən il ərzində 1,2 milyarddan çox qiymətləndirmə incələnib və bu prosesin sonunda 143 milyonu saxta olduğu əsas gətirilərək silinib. Bundan əlavə, minlərlə tətbiq də sıralamalardan çıxarılıb.

"App Store"a edilən müraciətlərə baxıldıqda da mənzərə diqqət çəkicidir. 2023-cü ildə "App Store"a ümumilikdə 7,7 milyon tətbiq göndərilib. Lakin bu müraciətlərin 1,9 milyonu "Apple"ın müəyyən etdiyi qaydalara uyğun gəlmədiyi üçün qəbul edilməyib. Şirkət, tək bir niyyətli müraciətin çox zaman eyni tərtibatçıya məxsus digər oxşar tətbiqləri də üzə çıxardığını və bu tətbiqlərin də silindiyini bildirir.

Gizli funksiyalar ehtiva edən və ya istifadəçilərə əslində olmayan xidmətləri təqdim edirmiş kimi davranan tətbiqlər də "Apple"ın hədəfindədir. 2023-cü il ərzində bu tipli 43 mindən çox müraciət rədd edilib. Həmçinin, istifadəçiləri aldatmağa yönəlmiş reklam məzmunu daşıdığı müəyyən edilən 17 min tətbiq "App Store"dan çıxarılıb.

"Apple" bu rəqəmlərin "App Store"un təhlükəsizliyinin qorunması istiqamətində nə dərəcədə əhatəli bir sistemin tətbiq olunduğunu göstərdiyini vurğulayır. Şirkət, fırıldaqçılıqla mübarizəni yalnız texniki zərurət deyil, həm də istifadəçi etimadının qorunması baxımından əsas məsuliyyət kimi qəbul edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->