Xəbər lenti

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
Siyasət 15:06 19.12.2025

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Arutyunyan deyib.

"Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu gün məhkəmədə təqsirləndirilən şəxs David Manukyan son söz çıxışını davam etdirib. O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib. Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.

D.Manukyan qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında” nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib. D.Manukyan çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.

Təqsirləndirilən şəxs Arayik Arutyunyan son söz çıxışında dövlət ittihamını müdafiə edən prokurorların arqumentləri ilə razılaşmadığını söyləyib. O, çıxışında özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Arutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->