
Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə "Report"un Şərqi Avropa bürosuna klubun mətbuat xidmətinin rəhbəri Marian Dima məlumat verib.
Onun sözlərinə görə, artıq 2 klub arasında razılaşma əldə olunub: "Neftçi" ilə razılaşmışıq. Hazırda Araz milli komandanın düşərgəsindədir və San Marino yığması ilə oyuna hazırlaşır. O, millinin düşərgəsindən qayıtdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək".
A.Abdullayev isə "Report"a açıqlamasında hazırda bütün diqqətini milli komandaya yönəltdiyini bildirib: "Qarşıda DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunumuz var. Bu oyundan qayıtdıqdan sonra hansısa məsələ haqda danışmaq olar".
Qeyd edək ki, Curcu şəhərini təmsil edən "Astra" klubu ötən mövsüm Rumıniya çempionatının qalibi olub. Klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Rumıniyada yay "transfer pəncərəsi" sentyabrın 5-də bağlanır.
Onu da bildirək ki, Araz Abdullayev 2011-ci ildə İngiltərənin "Everton" klubuna keçib. 2012-ci ildə isə icarə əsasında Yunanıstanın "Panionios" klubunda çıxış edib.
Qaynarinfo.Az