
Arxada qalan həftənin ən yaddaqalan hadisəsi “Neftçi” klubunun futbolçusu Araz Abdullayev xoşagəlməz - başına gələn bədbəxt hadisə oldu. Gənc futbolçu klubun bazasına yollanarkən avtomobil qəzası törətdi. Abdullayevin idarə etdiyi “Nissan” avtomobili Nobel prospektində yolu təmizləyən süpürgəçini vurub. Həmin şəxs isə aldığı zərbədən yerindəcə ölüb. Hadisədən dərhal sonra Xətai Rayon Polis İdarəsindən verilən məlumatda ölənin qadın Zəminə Hüseynova olduğu bildirildi. Qəza nəticəsində ağır bədən xəsarətləri alan daha bir nəfər - 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirildi və onun durumu hələ də ağır olaraq qalır.
Elə olay günü Daxili İşlər Nazirliyi “Neftçi”nin futbolçusu Araz Abdullayevin törətdiyi qəzaya münasibət bildirdi. Qurumun mətbuat xidmətindən verilən məlumatda hadisə ilə bağlı hazırda sənədləşdirmə işləri aparıldığı vurğulanmışdı: “Bu gün Nobel prospektində qəzanın baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb”.
DİN-in mətbuat xidmətindən bildirilib ki, qəzanı törədən “Neftçi”nin futbolçusu Araz Abdullayev yaralı şəxsi başqa maşınla xəstəxanaya aparıb. Hələliksə isə qəza ilə bağlı daha dəqiq araşdırma aparılır. Olaydan sonra Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb. Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb.
Məlumata görə, A.Abdullayev 90 XB 350 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb.
O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. Lakin yaralılardan Z.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.
Bütün bunlar hadisənin rəsmi tərəfi idi. Bizdə isə olayla bağlı daha dəqiq, ictimaiyyətə açıqlanmayan məlumatlarda var. Aldığımız məlumata görə, qəzanın baş verməsində başlıca səbəb yüksək sürət həddi olub. Belə ki, həmin vaxt Araz Abdullayev komanda yoldaşlarından biri ilə yolda yarışa çıxıb. 2 futbolçu güclərini bu dəfə futbol meydanında deyil, məhz yolda sınamaq qərarına gəliblər. Arazla yarışa çıxan komanda yoldaşı isə idman modeli olan “BMW” avtomobili idarə edib. Yekunda isə gənclərin yarışa çıxması bədbəxt hadisə ilə yekunlaşıb. Araz qəzanı törətdiyi an həmin yerdə 6 süpürgəçi olsa da, onlardan 4-ü kənara atılmağa imkan tapıb.
Daha sonra isə öyrəndik ki, Arazla “qonka”ya çıxan komanda yoldaşı isə Elvin Yunuszadə olub. Əldə etdiyimiz başqa bir məlumata görə, bu, Arazın avtomobillə bağlı üzləşdiyi ilk problem deyil. Belə ki, Abdullayevin idarə etdiyi avtomobilin səsboğanı (“qluşitel”i) həddindən artıq yüksək səsli olduğu üçün bir müddət əvvəl Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) həmin avtomobilin saxlanılması ilə bağlı göstəriş verilib. Mülki geyimdə olan BŞBPİ əməkdaşları Arazı saxlayarkən isə o müqavimət göstərib və yekunda Araz Abdullayev həbs olunub. Bu zaman Araz köməyə klub rəsmilərindən birini çağırıb. Həmin şəxs hadisə yerinə gəldikədn sonra mülki geyimdə olan polis əməkdaşlarıyla əlbəyaxa davaya çıxıb və hadisə böyüyüb. Olay yerinə daha çox polis əməkdaşının gəlməsindən sonra isə klub rəsmisiylə birlikdə Araz həbs olunub. Olay o qədər böyük-səs küyə səbəb olub ki, məsələyə Rövnəq Abdullayev də qarışmalı olub. Hətta bu məsələnin Abdullayevlə DİN naziri Ramil Usubov arasında həll olunduğu da bildirilir. Yalnız bundan sonra Araz Abdullayevlə klub rəsmisi azadlığa buraxılıb. Etibarlı mənbənin bizə verdiyi məlumatda o da qeyd olunur ki, klub prezidenti Sadıq Sadıqov və baş məşqçi Böyükağa Hacıyev dəfələrlə Araz Abdullayev də daxil olmaqla komandanın gənc futbolçularına xəbərdarlıq ediblər ki, avtomobillərini yüksək sürətlə idarə etməsinlər. Hətta klub rəhbərliyi futbolçularına “sport” markalı avtobilləri idarə etməmələrini bildiriblər. Bu səbəbdən də Araz Abdullayev, Elvin Yunuszadə və “sport” markalı avtomobilləri olan digər futbolçular da bazaya gələrkən avtomobillərini “Neftçi” klubunun düşərgəsinin yaxınlığında olan AFFA-nın həyətində saxlayırlarmış. Onlar bu yolla klub rəhbərliyini də aldadırmış.
Arazın ölümünə səbəb olduğu Zəminə Hüseynova haqda da məlumat ala bildik. Cəlilabad rayon sakini olan mərhum Hüseynova ailə sahibi olmayıb və “NZS” qəsəbəsinin Mingəçevr küçəsində kirayə yaşayırmış.
“Het-trik news” qəzeti