"Araz-Naxçıvan” son günlərdə transfer bazarında aktivliyi ilə fərqlənir. Artıq 3 legionerlə - Semir Bukviç, Nuno Migel və Vandersonla anlaşan klub 11 yerli futbolçu ilə də müqavilə bağlayıb. Bunlardan bir neçəsi komandanın Premyer Liqaya vəsiqə qazanmasında rol oynayan futbolçulardır. Həmçinin, məşqçilər korpusu da tam olaraq müəyyənləşib. Azər Bağırova işlərində, Rail Məlikov, Miloş Yevtiç kömək edəcək. Bundan əlavə, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov isə qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək. Naxçıvandakı stadionda təmir-yenidənqurma işləri aparıldığından komanda ev oyunlarını müvəqqəti olaraq "Dalğa Arena”da, hansı ki, nəqliyyat problemlərinə, yerləşməsinə görə futbol azarkeşlərinin ən çox narazılıq etdiyi məkanda keçirəcək. Bəs komanda mövsümə necə hazırlaşır, hədəflər nədir?
Bu suallara baş məşqçi Azər Bağırov cavab verib. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları deyib:
"Hazırlıqlara başlamışıq. Çox çətindir, komandaya qoşulmaq istəyənlər belə qorxa-qorxa gəlirlər. Legionerlərin gəlməsi ilə bağlı problemlər var. Çalışrıq ki, özümüzü, işlərimizi sığortalayaq. Alternativ variantlar axtarırıq. Ən azı 8-9 legioner olacaq”.
"Premyer Liqada ilk mövsüm üçün hədəflər nədir” sualını məşqçi belə cavablandırıb:
"Fikrimcə, buna yaxın günlərdə aydınlıq gələcək. Startdan çox şey asılı olacaq. Bu gün çox şey danışa bilərəm. Amma hədəflər haqqında rəhbərlikdən soruşsanız, daha məntiqli olar. Mənim hədəflərim həmişə var. Yaxşı işlər görmək istəyirik. Bunu da zaman göstərər. Çalışacağıq ki, Birinci Divizionda iştirak edən komandadan saxladığımız futbolçuları meydançada görəsiniz. Həmişə demişəm, Azərbaycanda yetəri qədər savadlı, istedadlı futbolçular var. Sadəcə, zaman vermək lazımdır. Yaxşı futbolçular üzə çıxa bilər. Yerlilərə hər zaman ehtiyac var. Mən çox futbolçu istəyə bilərəm. Faktiki olaraq onlar öz klublarındadır. Azərbaycanlı futbolçular baxımından kasadlıq var”.
Bağırov "Dalğa Arena”da azarkeşlərin dəstəyi ilə bağlı hər hansı narahatlıq keçirib-keçirmədikləri ilə bağlı suala isə belə cavab verib:
"Narahatlıq keçirmirik. Yəqin ki, rəhbərlik bunların hamısını nəzərə alacaq”.
Səbuhi Həsənov