Xəbər lenti

“Araz-Naxçıvan”ın təcrübəli üzvü: “Belə şeylər sensasiyalara gətirib çıxarır...”
İdman07:12 02.11.2021

“Araz-Naxçıvan”ın təcrübəli üzvü: “Belə şeylər sensasiyalara gətirib çıxarır...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 3 matçdan sonra "Araz-Naxçıvan” mübarizəni dayandırdı. Ukrayna, Rumıniya və Kosova komandalarına qarşı oyunlarda təmsilçimiz cəmi bir qələbə qazandı. Ancaq reqlamenə əsasən bu, kifayət etmədiyindən qrupda qalmalı oldu.
Komandanın təcrübəli futzalçılarından olan Rizvan Fərzəliyevlə söhbətləşib "Araz-Naxçıvan”ın çıxışları ilə bağlı düşüncələrini öyrəndik. 
Zədəsi üzündən kollektivlə birlikdə turnirə yollana bilməsə də, Fərzəliyev təmsilçimizin çıxışları haqda fikirlərini bölüşdü, çatışmazlıqlardan danışdı.
- Zədənizin durumu nə yerdədir?
- Müalicəm davam edir. Yəqin ki, yaxın zamanlarda bərpa olunaram. Zədəm ciddi idi, meniskdə yırtıq əmələ gəlmişdi. Bu üzdən yarışlarda iştirak edə bilmədim. Həkim burada qalmağı məsləhət gördü. Çünki qarşıda da yarışlar var. O zamana qədər tam bərpa olmağa çalışacağam.
- Həkimlər meydana nə zaman qayıda biləcəyinizi deyib?
- Hələ ki, 3-cü həftənin başlanğıcıdır. Həkimlərin dediklərini yerinə yetirirəm. Bəzi təmrinlər var ki, trenajorda çalışıram. Bu hətfəni də belə keçirəcəyəm. Yəqin ki, gələn həftədən trenajorla yanaşı, qaçmağa, çəki ilə işləməyə həkim məsləhəti əsasında başlayacağıq. Fikrimcə, bu ay komanda ilə birlikdə olmasa da, fərdi məşqlərə başlayacağam. Bir müddədən sonra kollektiv məşqlərə qatılaram. 
- Zədə səbəbindən Çempionlar Liqasına yollana bilməsəniz də, nəticələrdən xəbəriniz oldu. "Araz-Naxçıvan” necə təsir bağışladı?
-  Budəfəki rəqiblərimizin demək olar hamısı bir qədər ciddi idi. Əsasən də Ukrayna klubu "Uraqan”ı nəzərdə tuturam. Həm yol, həm də zala öyrəşmək baxımından çətinliklər olur. Bir məşqlə zala öyrəşmək mümkünsüzdür. Oyuna gəlincə, başlanğıcda bir balaca üstünlüyü əldən verdik. Sonradan bərabər oyun getdi. İlk görüşdə qol vəziyyətlərindən yararlana bilmədik. Sonra 1 qol vursaq da, 1:2 hesabı ilə uduzduq. İkinci oyunda Rumıniya klubu üzərində layiqli qələbə qazandıq. Üçüncü oyunda üstünlüyümüz vardı. Ancaq oyunun o qədər də önəmi qalmamışdı. Çünki "Uraqan” hər iki rəqibi məğlub etmişdi. Sonuncu matç əhəmiyyət daşımasa da, reytinq baxımından vacib idi. Qələbə qazanmalı idik. Hətta oyuna da yaxşı başladıq. Düşünürdüm ki, böyükhesablı qələbəmizlə başa çatar. Ancaq bu futzaldı, hesabda 3:0, 4:0 önə keçsən belə, sonluq bəlli olmur. İkinci hissənin sonlarında üstünlüyü əldən verdik. Futzalda belə şeylər sensasiyalara gətirib çıxarır. Rəqib də bundan istifadə etdi və nəticədə oyun 6:6 hesabı ilə yekunlaşdı. Oyunda xoşagəlməz hadisələr də baş verdi. Son saniyələrdə rəqib futzalçı qapıçımızı yıxdı. Hamı penalti gözləyirdi. Rəqib isə bunu simulyasiya kimi qiymətləndirib oyunçumuzun üstünə şığıdı. Bu da əks-təsir bağışladı. Belədə ətrafdakılar meydançaya daxil olub onları sakitləşdirməyə çalışdı. Sona 10 saniyə qalmış rəqib hücum qurmaq istəmirdi, yalnız topu özlərində saxlayırdı. Kameradan gördüyümüz qədərilə günah onlarda idi. Çünki top onlarda olduğu vaxt oyunçumuza hücum etmişdilər.
- Heyətin kasadlığı və aparıcı futzalçıların olmaması komandanın oyunlarına təsir etdimi? Digər çatışmazlıqlar nədən ibarət idi?
- Komandamız ora tam heyətlə getməmişdi. İstər mən və ya iranlı futzalçımız İsak olsun, zədə üzündən iştirak edə bilmədik. Buna baxmayaraq, qələbə qazanamağa çalışdılar. "Uraqan”la oyun çətin keçsə də, o komandanı favorit kimi dəyərləndirə bilməzdik. Bizim də yetərincə gücümüz var, məşq proseslərimiz olur. Gücümüzə arxayın idik. Minimal hesab da onu göstərdi. Qol vəziyyətlərindən istifadə etsəydik, nəticə fərqli ola bilərdi. İsakla mən də komanda ilə birlikdə olsaydıq, istər təcrübə, istər komanda ilə birlikdə olmaq baxımından kömək edə bilərdik. Bəlkə də qrup mərhələsini adlamaq bizə qismət olardı. Qismət olmadı, neyləyə bilərik? Qarşıdakı oyunlara köklənmək lazımdır.
- Bu yarışda reqlament elədir ki, bir məğlubiyyət böyük ölçüdə şansların üzərindən xətt çəkə bilir. Düşünmək olar ki, komanda təzyiq altından çıxa bilmədi?
- Başlanğıcda rəqib təzyiq göstərdi və tez bir zamanda 2:0 üstünlük əldə etdilər. İkinci hissənin ilk 7-8 dəqiqəsində də rəqibin üstünlüyü görünürdü. Belədə məşqçimiz taktiki gedişə əl atdı. Qapıçımızı çıxarıb əvəzində meydan oyunçusu salmaqla üstünlük əldə etməyə çalışdı. Nəticədə 1 qol vurduq, amma bu kifayət etmədi. Çünki 2 top geridə idik. Futzalda bəzi oyunçular liderlik funksiyasını öz üzərinə götürüb komandanı araxasınca daşıyır. Budəfəki qrup mərhələsində lider görünmürdü.
- Rəqiblər müəyyənləşəndə "Araz-Naxçıvan”ın qrupdan çıxmaq şansını necə qiymətləndirirdiniz?
- Mən şansları 50-nin 50-yə nisbətində dəyərləndirirdim. Çünki Ukrayna və yaxud Rumıniyanın klubu pis təsir bağışlamırdı. Kosova təmsilçisinin belə oyun göstərəcəyini də düşünməzdik. Ən sonuncu olacaqlarını fikirləşirdik. Amma pis təsir bağışlamadılar. Rumıniya klubu üzərində 6:4 hesablı qələbə qazanmaları, bizə qarşı belə oynamaları, açığı, sürpriz oldu. Favorit qismində "Uraqan”la "Araz-Naxçıvan” göstərilirdi. Sürpriz komandalar həmişə önə çıxırlar. Mən deyərdim burda da elə bir hal yaşandı.
- Son matçda hesabda 4:0 irəli keçəndə komandada arxayınlıq yarandı...
- Sonuncu oyun əhəmiyyət daşımasa da, üstünlük əldə etmişdik. Arxayınlıq yarandı və bu bizim üçün pis oldu. Sona qədər vuruşmaq lazımdır. Üstəlik belə hesabı qoruyub saxlamaq mütləqdir. 4:0 öndə olarkən, hesabın 6:6 bitməsi təbii ki, öz komandamızın günahıdır. Əzmkarlıq göstərmək, hakimin final fitinə qədər oynamaq vacibdir.
- İkinci oyundakı qələbədən sonra baş məşqçi narazılıq etmişdi. Ancaq sonuncu, üstünlüyü əldən verdiyiniz görüşdən sonra Alesio oyunçuları təriflədi və razı qaldığını bildirdi. Sizcə də nəticə önəmli deyil?
- Əlbəttə, hər hansı komanda qələbə qazanırsa, məşqçi bununla barışmalıdır. Düzdür, öz taktiki gedişlərini analiz edir və fikirlərini bildirir. Amma nəticə, xal daha vacibdir. Ələlxüsus da qrup oyunları zamanı. Komanda zəif oynayıb nəticə qazanırsa, bununla barışmaq da olar. Sonuncu oyunda hakimin final fitinə qədər mübarizə aparmadıq, arxayınlıq yarandı və rəqib bundan istifadə edib hesabı bərabərləşdirdi. Bəlkə də vaxt bir az uzun olsaydı, rəqib üstünlük qazanacaqdı. Çünki komandamız geriyə düşmüşdü, təzyiq altında idi. Üsəlik rəqib 5 nəfərlə oynadı və iki topu elə vurdular. İstənilən halda o cür üstünlüyü əldən vermək komandanın səhvidir.
- Ümumiyyətlə, "Araz-Naxçıvan” zəifləyibmi? Əvvəlki komandanı görə bilmirik...
- Pandemiya ilə əlaqədar, demək olar, iki mövsüm çempionat keçirilmədi. Zallar qapalı idi. Yalnız "Araz-Naxçıvan” Çempionlar Liqasında oynayırdı deyə bir neçə yoxlama görüşü keçirdi. Eləcə də millinin oyunları vardı. Bu da oyunçunun geriləməsi anlamına gəlir. Təcrübə, oyun praktikası azalır. Pandemiya yeni başlayanda biz ancaq süni ot örtüklü meydançada məşq edirdik. Hansı ki, bu, futzala aidiyyatı olmayan bir meydançadır. Zəifliyi bunula əlaqələndirərdim. Amma məşqləri vaxtında keçirdik, yarışlarda oynadıq. Bu vacib idi.
- Əksəriyyət düşünür ki, braziliyalılar gedəndən sonra komanda daha əvvəlki deyil. Onların yeri dolmur...
- Belə deməzdim. Düzdür, braziliyalılar keyfiyyət baxımından fərqlənirdilər. Budəfəkilər də ilkin mərhələdə pis təsir bağışlamadılar. 4 braziliyalı bir heyətdir, ikinci heyət isə yerli və iranlı futzalçılardan ibarətdir. Yeni gələn braziliyalıların həm əhval-ruhiyyə, həm də digər səbəblər baxımından komandaya tam uyğunlaşmadığını deyə bilərəm. Amma hərəsinin özünün fərdi keyfiyyətləri var. İnşallah yaxın gələcəkdə özlərini yaxşı tərəfdən göstərərlər.
Səbuhi Həsənov