İdman 20:37 12.12.2022

Argentinanın Xorvatiya qarşı taktikası: Təxribata çəkmək, "qırmızı" almaq, 60 dəqiqəyə...

Argentina millisi DÇ-2022-nin yarımfinalında xorvatiyalı futbolçuları təxribata çəkmək niyyətindədir.

Qaynarinfo bu barədə Xorvatiyanın "Jutarnij List" qəzetinə istinadən xəbər verir.

Qəzetin iddiasına görə, Argentina yığmasının start heyətinin oyunçularından biri avropalı klub yoldaşlarına bildirib ki, onun milli komandasına xorvatiyalı futbolçuları təxribata çəkmək və onları ritmdən çıxarmaq tapşırığı verilib. Həmin oyunçu, klub həmkarları ilə video zəng zamanı Argentinanın "Xorvatiyanı 60 dəqiqəyə sındırıb, məğlub edəcəyinə" əmin olduğunu söyləyib.

Adı açıqlanmayan klubun paltardəyişmı otağında o vaxtdan bu söhbət davamlı olaraq müzakirə olunur.

Argentinalılar hesab edirlər ki, Xorvatiya millisinin bəzi oyunçularının "əsəbləri zəifdir". Adı açıqlanmayan Argentina millisinin futbolçusu komandasının ya 60 dəqiqə ərzində iki qol vuracağını, ya da xorvatiyalı futbolçunun qırmızı vərəqə alacağını gözləyir.

Argentina millisinin 3 futbolçusu psixoloji baxımdan komandasında ən zəif hesab edilən Xorvatiya millisinin 3 futbolçusunu təxribata çəkməklə bağlı Lionel Skalonidən xüsusi göstərişlər alıb.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu məlumatdan xəbərdardır.

"Biz Argentinanın nə edəcəyini dəqiq deyə bilmərik, amma rəqibi əsəbiləşdirmək, səhv etmək və kart almaq istəyəndə necə davrandıqlarını bilirik. Argentinanın bu taktikasını artıq Niderlandla oyunda görmüşük. Qalib gəlmək üçün əllərindən gələni etməkdən qorxmurlar.
Heç nə təəccübləndirmir, amma təəssüf ki, kimsə çirkli üsullarla dünya çempionatının finalına çıxmaq istəyir. Buna müqavimət göstərmək və soyuqqanlı davranmaq asan deyil, lakin Xorvatiya millisi baş verən hər şeyin mübarizənin yalnız bir hissəsi olduğunu başa düşmək üçün konsentrasiya nümayiş etdirməli olacaq. Sakit qalmaq və Argentinaya meydanda qalib gəlmək lazımdır. Ən pis variant həvəskarlar kimi təslim olub uduzmaqdır. Buna yol vermək olmaz”, "Jutarnij List" yazır.

Argentina və Xorvatiya dekabrın 13-də qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Nizami Bağırov