Xəbər lenti

Arıçılıq: Verilən səhv qərarlar və təsərrüfatın ciddi problemləri...
Ekonomiks08:25 25.08.2023

Arıçılıq: Verilən səhv qərarlar və təsərrüfatın ciddi problemləri...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal "min bir dərdin dərmanı"dır.
Balın 60-dan artıq növü var və onların hər biri insan orqanizmi üçün faydalıdır. Arıçılıq biznesi ilə məşğul olanlar bu il "bir qaşıq da olsun, bal yoxdur” deyirlər. Hətta bəziləri arıların yuvalarını tərk etdiyini də açıqlayıb. 
Bəs, bunun səbəbləri nədir?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yüksək məhsul diqqət və qayğının nəticəsində əldə olunur. Onun sözlərinə görə, arıya bal verməsi üçün yem lazımdır:
"Yəni, arı yeməlidir ki, bal versin. Arının yemi olmayanda öz balını yeyir, yaxud da qonşudakı yemi əldə etmək üçün yaxınlığında olan arı ailələrinə hücum edir. Azərbaycanda arıcılığın inkişafı üçün ciddi işlər görülməlidir, amma bizdə bu sahədə hər şey başlı-başına buraxılıb. Necə heyvandarlığı, bitkiçiliyi başlı-başına buraxıblar, eləcə də arıcılığı”.
Ekspert son illər dövlət bu sahəyə görə subsidiyaların ayırdığını vurğulayıb:
"Həmin subsidiyaların hesabına arı ailələrinin sayı kəskin şəkildə artdı. Bu, düzgün deyildi. Arıçılığın inkişafı üçün ilk öncə yem bazası yaradılmalı idi. Bəzən eşidirik ki, hamı işğaldan azad edilən yerlərdə arıçılığın inkişafı üçün yaxşı imkanların olduğunu deyir, amma bu belə deyil. Ölkədə iqlim dəyişikliyi baş verib, havalar həddən artıq dəyişib. Bunun da təsiri öncə bitkiçiliyə dəyib. Əvvəlki kimi artıq arılar üçün yem istehsal olunmur. İqlim dəyişikliyini nəzərə almaq lazımdır. Hansı regionda arıçılığı inkişaf etdirmək lazımdır, ilk öncə orada yem istehsalına ciddi fikir verilməlidir. Yəni, bitkiçliyi inkişaf etdirmək, xüsusən də arının bal aldığı bitkilərin plantasiyalarını salmaq lazımdır”.
Vahid Mərərrəmov hesab edir ki, Azərbaycanda ümumi bitkiçiliyin zəif olması bir başa heyvandarlığa təsir edir:
"Heyvandarlıq, arıçılıq da zəifləyir. Bu, bütün Azərbaycanda yaranmış problemdir. Rəqəmlərə baxaq, Azərbaycanda balın maya dəyəri qonşu İranla müqayisədə 5 dəfə yüksəkdir. Yəni, Azərbaycan balı daha baha qiymətə istehsal edir. Güscüstanla, Rusiya ilə, Ermənistanla müqayisədə 2 dəfə yüksəkdir. Demək olar ki, arıçılıq buraxılıb başlı-başına, yəni sahibkarlar getsinlər. başlarını dolandırsınlar. Əsas problem həll olunmayınca arı məhsul verməyəcək”.
Vahid Məhərrəmovun fikirincə, ilk növbədə ərazilər suvarılmalıdır:
"Əgər həmin ərazilər suvarılmasa, bitki yaxşı inkişaf etməyəcək. Söhbət təbii bitkilərdən gedir. Biri də var xüsusu yetişdirlən bitlikər, bunlarla ciddi məşğul olmaq lazımdır. Bir problem isə Azərbaycanda meşə ərazilərinin sayının get-getə azalmasıdır. Meşələrdə yanğınlar, təbii fəlakətlər baş verir. Mən arıçılıqla məşğul olan bir neçə sahibkarla söhbətləşmişəm. Onlar arı ailələrini bir rayondan digər rayona daşımağa məcburdular. Baxırlar ki, istədiklərinə nail ola bilmirlər, sonra başqa bir rayona üz tuturlar. Beləliklə bir arı ailəsi hardasa 7 rayon dəyişir. Nəticədə az bal əldə edirlər, amma bu onlara çox baha başa gəlir. Ona görə ki, ariların daşınma xərcləri var. Hər dəfə arı ailələri maşınlara yüklənilir, hansısa rayona daşınır, orada da bələdiyə, icra orqanlarının nümayəndələri ilə anlaşılmalıdır, bütün bunlar xərc tələb edir. Bu, ciddi problemlərdir”. 
Eksper vəziyyətin gələcəkdə daha az ürəkaçan olacağını vurğulayıb:
"Hökumət təcili bu işə qarışmalıdır, sahibkarlardan problemin nədən ibarət olduğunu öyrənməli və arı ailələrini artırmaq, bu biznesi gücləndirmək üçün onlara yardım etməlidir”.   
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.