
Arif Hacılı: “Milli Şuranın yaradılması ilə əlaqədar razılaşma yaxın iki həftə ərzində əldə oluna bilər”
“Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “EL” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov arasında danışıqlar Milli Şuranın yaradılması ideyasının həyata keçirilməsi məqsədilə aparılır”.
Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. A. Hacılı deyib ki, bu danışıqlarda optimal birliyin yaradılmasının yolları axtarılır: “Son vaxtlar bu müzakirələr intensivləşib. Yəqin ki, bu həftə ərzində Milli Şuranın yaradılması ilə əlaqədar ümumi prinsiplər, qurumun fərdi tərkibi, fəaliyyət qaydası və digər məsələlərlə bağlı razılaşmalar əldə oluna bilər”.
O, qeyd olunan prosesin yaxın iki həftə ərzində başa çatdırılmasına çalışacaqlarını da qeyd edib: “Danışıqların aparılmasında xüsusi məxfilik yoxdur. Sadəcə, çətin prosesin uğurla nəticələnməsini arzulayırıq. Çalışırıq ki, burada hətta bir-birilərini qəbul etməyən bəzi adamların da iştirakı təmin olunsun. Sadəcə olaraq bizim üçün başlıca məsələ bu qurumun yaradılması zamanı hansı prinsiplərin, hədəflərin əsas götürülməsi olacaq”.
Qaynar.info