İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal"ın futbolçusu Aleksandr Zinçenko çağırılacağı təqdirdə ölkəsi Ukraynaya döyüşmək üçün gedəcəyini deyib.
Qaynarinfo-nun məlumatına görə, 27 yaşlı futbolçu "BBC Newsnight”a Rusiya - Ukrayna müharibəsi haqda fikirlərini bölüşüb. O, Rusiyanın işğalından sonra vətənindəki insanlara kömək etmək üçün təxminən bir milyon funt-sterlinq ianə etdiyini deyib. Bununla yanaşı Ukraynanın Avropa üçün "sipər”ə çevrildiyini və daha çox dəstəyə ehtiyac olduğunu söyləyib.
Ukrayna prezidenti Vladimir Zelenskinin daha 500 min əsgərə ehtiyac duyduğunu söyləməsindən sonra hərbi səfərbərlik yaşı 27-dən 25-ə endirilib. Zinçenko döyüşə çağırırlacağı təqdirdə gedib-getməyəcəyi haqda açıqlamasında, "Düşünürəm ki, bu, aydın cavabdır. Mən gedərdim. Eyni məktəbdə oxuduğumuz, uşaq vaxtı futbol meydançalarını bölüşdüyümüz insanlar indi ölkəmizi müdafiə edirlər. Düzünü desəm, bunu qəbul etmək çox çətindir, amma belədir. Biz təslim ola bilmərik. Bilirəm, bəlkə də bəzi insanlar mənə Ukraynadansa, Londonda olmağın daha asan gəldiyini düşünə bilər. Həqiqətən ümid edirəm ki, bu müharibə tezliklə bitəcək" - deyib.
"Arsenal”ın müdafiəçisi karyerasına 2016-cı ildə Rusiyanın "Ufa” komandasında başlayıb. O, artıq həmin dostları və ya keçmiş komanda yoldaşları ilə danışmadığını bildirib:
"İşğaldan sonra həqiqətən çox az adam mənə mesaj göndərdi. Lakin 2022-ci ilin fevralından bəri bütün əlaqələri dayandırdım. Onlar mənə bəzi mesajlar göndərdilər. Lakin mən onları günahlandıra bilmərəm. Çünki bu, onların günahı deyil. Mən onlara "uşaqlar, etirazları çöldə keçirin” deyə bilmərəm. Çünki onlar həbs olunmaq təhlükəsi ilə üz-üzə qalar. Ancaq mənim Rusiya xalqına bir sualım var – söz azadlığının ümumiyyətlə olmadığı ölkədə necə yaşayırsınız? Ruslar ukraynalıları "qardaş” və "bacı” adlandırırdılar. Lakin işğal biz ukraynalılara göstərdi ki, onlarla daha dost ola bilməyəcəyik. Rusların bizə, xalqımıza etdiklərini heç vaxt unutmayacağıq. Mən bunu uşaqlarıma öyrədəcəm. Onlar da öz uşaqlarına öyrədəcəklər. Bu qəbuledilməzdir".
Zinçenko, işğalın ilk günlərində Ukraynadakı qaçqınlara kömək üçün bir milyon funt-sterlinqdən çox pul göndərdiyini söyləyib. O, valideynləri müharibədə həlak olan yüzlərlə uşaq tanıdığını söyləyib.
"İndi mənim vəzifəm nədir? Ölkəmə, xalqıma, bacardığım qədər necə kömək edə bilərəm? Ukraynalı olduğum üçün indi daha çox fəxr edirəm. Arzum budur ki, müharibə çox tezliklə bitsin və biz Ukraynanı həqiqətən istədiyimiz kimi bərpa edək”.
Səbuhi Həsənov
Şərhlər