Xəbər lenti

Aşağı, yoxsa yüksək vergi dərəcələri: Əvəzində geniş sosial ödənişlər… (ŞƏRH)
Ekonomiks06:04 06.04.2021

Aşağı, yoxsa yüksək vergi dərəcələri: Əvəzində geniş sosial ödənişlər… (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə vergi dərəcələri ilə bağlı müzakirə açıb.
Qaynarinfo xəbər verir ki, ekspert izləyicilərindən aşağı vergilər, ya yuxarı vergi dərəcələri, amma geniş sosial ödənişlər mövzusu ilə bağlı seçim etməyi təklif edib: 
"Norveç sosial ölkədir, amma çox böyük vergi yükü var, qazancın 55-60%-i vergilərə gedir (məsələn, hər 1000 avro maaşın, qazancın 550-600 avrosu vergiyə sərf olunur) - beləmi yaxşıdır, yoxsa, çox kiçik gömrük rüsumları, çox sadə və az vergi dərəcələri, məsələn, ƏDV-i 18%-dən 8%-ə, gəlir vergisini isə 1%-lə 5% arası (istehsalla məşğul olan cəmi 1%, xidmətlə məşğul olan isə ən çox 5% vergi verir) olur, DSMF-yə ödəmələr tam sərbəstlik yaranır - icbari (məcburi) ödəniş işəgötürən üçün cəmi 3%, işçi üçün cəmi 2% olur, amma işçi istəsə könüllü olaraq daha çox ödəyir ki, yaşlananda daha böyük təqaüd alsın. Sizə hansı daha yaxındır?!”
İqtisadçı Samir Əliyevin sözlərinə görə, əsas məsələ hansı mexanizmin Azərbaycan üçün optimal olmasıdır: 
"Azərbaycan vaxtilə sosial dövlət olub və əhali üçün 2-ci mexanizm cəlbedicidir, bu mexanizm bizim üçün optimal deyil. Birincisi ona görə ki, bizdə hətta sovet dövründə pulsuz təhsil, səhiyyə olmasına rəğmən əlavə ödənişlər mövcud olub. Yəni əslində adı pulsuz, özü pullu olub. İnsanların damağında maaşdan əlavə "çak-çuk”un şirin dadı qalıb. Deməli, bu mexanizm yaxın onillikdə işləməyəcək. İkincisi, ölkədə qeyri-rəsmi məşğulluq yüksək səviyyədir. Belə halda büdcənin yükü götürməyə gücü çatmaz. Ona görə də 1-ci mexanizm daha optimaldır. Sadəcə dövlətin xüsusi təhsil, səhiyyə, sosial proqramları olmaq şərti ilə...”.
Hüquqşünas Samir İsayevin fikrincə, ən mühüm şərt insanları vergi və sosial ödənişlər verməyə öyrətmək lazımdır: 
"Bunun üçün vergiləri azaltmaq və hamının (bir nəfər kimi) vergi ödəyəcəyi bir modeli tapmaq lazımdır. Yalnız hamının vergi ödədiyi cəmiyyətdə normal iqtisadi inkişafın əsasını qurmaq olar. İnsanlar vergi ödənişlərini dövlətin ondan qopardığı pul kimi deyil, formalaşan büdcə hesabına ona dövlətçilik xidməti göstərən idarəetmənin maliyyələşməsi kimi görməyə öyrəşməlidirlər. Sözsüz ki, bunun üçün büdcə şəffaflığı vacib şərtdir. Sosial ödənişlərə gəlincə, dövlətin fərdi təqaüdlər prinsipini ləğv etmək lazımdır. Hər kəs öz sosial gələcəyini özü qazanmalıdır, amma bunun üçün qazandığı vəsaitin quma tökülən su olmasını heç kim istəməz. Sözssüz ki, sosial yığımın miras predmeti olması təmin edilərsə, inanmıram ki, onu yığmaqdan kim isə çəkinər”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ABŞ-ın vergi modeli dünyada ən optimalıdır ki, dünyanın yerdə qalan əhalisi yaşayıb-yaratmaq üçün oranı seçmək istəyir:
"İllik gəlirin 400 min dolları aşanda 38% vergi yükün olur - özü də bütün vergilər üzrə. Norveçin Təqaüd Fondunda 1,3 trilyon dollar yaxın vəsaitin, ölkə əhalisinin isə Azərbaycanın yarısı qədər olmasına baxmayın. Osloda yaşayan təqaüdçülər öz mənzillərini kirayə verib, gedib Tallində ev kirayələyirlər ki, aldıqları təqaüdə orada daha çox xidmət və maldan istifadə etsinlər. Yəni Norveç ideal model deyil. Hələ oranın təhsil və ümumiyyətlə həyata baxış sistemləri barədə danışmıram. Norveçlilərin dediyinə görə, son 30 ildə çoxlu boşluqlar əmələ gəlib ki, insanı yaradıcılığa sövq etmir…”.
Orxan Əhmədli