Video 16:06 27.02.2020

Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver (VİDEO)

İrandan Azərbaycana gələn vətəndaşların koronavirusa yoluxması şübhəsi ilə Astara rayon mərkəzi  xəstəxanasında müayinəsi zamanı bir sıra narazıçılıqlar ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Görüntülərdə vətəndaşlar bildirir ki, Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrindən müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılacaqlarını desələr də, onlar altı saatdan çox xəstəxanada saxlanılıblar. Bundan başqa xəstəxananın şəraitsizliyi, gigiyena qaydalarına əməl olunmaması, vanna otaqlarında suyun olmaması və vətəndaşlar üçün heç bir tədbirin görülməməsi də görüntülərdə öz əksini tapıb. Vətəndaşlar bu saat ərzində onlara su verilmədiyini də bildiriblər.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) Yeniavaz.com-a bildirildi ki, hadisə ilə bağlı hal-hazırda araşdırılma aparılır və araşdırma bitdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev işində yol verdiyi nöqsanlara baş həkim vəzifəsindən kənarlaşdırılıb.