Xəbər lenti

At oğruları və vəzir - felyeton
İdman15:43 23.12.2016

At oğruları və vəzir - felyeton

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda bizim dünənki xidmətlərinə görə bu gün xələt istəyən bəylərdən biri üzü şüşəli saraya sarı bozlamış,ürəyimi qana döndərmişdi. Üz vurmayın, ad çəkən deyiləm. Ağ şəhərin boz iqamətgahında əyləşən sığallı vəzirin fağırın səsinə səs verib-verməyəciyini uca Allah bilər. Mən dönük bəndənin bildiyi odu ki, bizim ondan öyrənməli olduğumuz zadlar çoxdu. Əri ölmüş arvaddan betər sızlayanı demirəm, şahənşahın yarısadiq-yarıdönük vəzirindən danışıram.
Adamın o boyda sarayı, bu boyda rəiyyəti iki barmağının arasında vızvıza kimi fırlatmasına heyranam. Saraylar sarayından aldığı namədə xeyli sayda at oğrusunun aləmi bir-birinə qatması xəbərini alandan qolunu çırmalayıb, düşüb işin üstünə. Danışanda ağzına çullu dovşan sığmayan qəzetçilərin, qələmtutanların hansı biri olsaydı, at yiyələrini tapmağa can atar, hansı otlaqda daha çox otladıqlarını xəbər alar, at minməyə xüsusi həvəsi olanların şalvarlarından tər qoxusu almağa çalışar və yəqin ortaya bir iş çıxara bilməzdi. Ya da bizim dul Zeynəb kimi, tumanının balağını əlinə yığıb qaçardı hökumət adamlarının yanına ki, bəs evim yıxıldı, öldüm, məni ortallıqdan götürün.
İndi baxın əmələ, görün niyə o ordadı, sizlə biz burda. Kişinin oğlu nə at tanıyır, nə dəvə. Qulluq görmüş adamdı, özünü niyə dağa-daşa salır ki... Yığıb bir yerə 4-5 köhnə at oğrusunu, aralarına da bir mehtər, iki nalbənd qatıb. Darıxmayın, tapacaqlar. Ya atları tapacaqlar, ya da çulları. Lap axtarılan atların ölüsündən,dirisindən, yəhərindən, yüyənindən xəbər çıxmasa da 10-15 miniyə yaramayan yabı tapacaqlar, olacaq tamam. Guya oğurlananların kəhəri,kürəni, oğurlayanların qorxağı,ərəni kimə lazımdı? Əsas baş sayıdı, baş sayı. Başa çıxmaq üçün də vəzirinki kimi baş lazımdı. Yaxşı bilir ki, başdakılar yekunda baş istəyəcək.
Nihat Ağasoy
Fanat.Az