
Azərbaycan təmsilçisi növbəti mərhələdə
"İnter" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununu keçirib. Fanat.az xəbər verir ki, "bankirlər" səfər oyununda 3:2 hesabı ilə yendiyi Moldovanın "Tiraspol" klubunu qəbul edib.
Oyuna fəal başlayan qonaqlar 6-cı dəqiqədə hesabı açıb. Viktor Bulatın cərimə meydançasının kənarından vurduğu zərbə Kamran Ağayev üçün qarşısıalınmaz olub. "İnter"in bərabərlik axtarışları 79-cu dəqiqədə nəticə verib. Dieqo Madriqalın qarşısını kobudluqla alan Moldova klubunun qapıçısı Georgi Georgiyev meydandan qovulub. Bu zamana qədər "Tiraspol" hər 3 dəyişiklik imkanından yararlandığı üçün qapı meydan oyunçularından birinə tapşırılıb. Belə ki, Boqdan Hauşi qapıya keçib. O, Baçana Tsxadadzenin penalti zərbəsini dəf edərək öz məharətini nümayiş etdirib. Lakin hücumun davamında Arif Daşdəmirov baş zərbəsi ilə Hauşini məyus edərək hesabı bərabərləşdirib.
Cəmi 5 dəqiqə sonra Mirzağa Hüseynpura qarşı kobudluq edən Laşa Çaparidze komandasını 9 nəfərlə qoyub. Hakim yeridən penalti təyin edib. Topa yaxınlaşan Baçana Tsxadadze bu dəfə dəqiq olub. 90+1-ci dəqiqədə isə meydana matçın gedişində çıxan Mirzağa Hüseynpur qapını qoruyan Boqdan Hauşini geridə qoyaraq 3-cü qolu vurub - 3:1.
Qeyd edək ki, "İnter" II təsnifat mərhələsində İsveçin "Elfsborq" klubu ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
10 iyul
İnter (Azərbaycan) - Tiraspol (Moldova) 3:1
Qol: Arif Daşdəmirov, 79. Baçana Tsxadadze, 84-pen. Mirzağa Hüseynpur, 90+1 - Viktor Bulat, 6.
Qaynar.info