İdman 06:28 06.05.2022

Avroliqa və Konfrans Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

Qaynarinfo-nun məlumatına görə, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan "Leyptsiq" bu dəfə "Reyncers"lə Şotlandiyada üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb. Meydan sahibləri isə finala vəsiqə əldə ediblər.

Gecənin digər oyununda Almaniya "Ayntraxt"ı evdə İngiltərə "Vest Hem"inə minimal hesabla qalib gələrək, finala yüksəlib. Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə başa çatmışdı

Avropa Liqası
Yarımfinal
Cavab oyunları

5 may
"Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) 3:1
Qollar: Ceyms Tavernye, 19. Qlen Kamara, 24. Con Landstrem, 81 - Kristofer Nkunku, 71
Qlazqoda, "Aybroks" stadionu
İlk oyun - 0:1

"Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) 1:0
Qol: Rafael Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 17 ("Vest Hem")
Frankfurt, "Frankfurtştadion"
İlk oyun - 2:1

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.

UEFA Konfrans Liqasında da yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Bununla finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərə "Lester"ini minimal hesabla məğlub edib.   Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "canavarlar" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

Qeyd edək ki, "Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı.

Konfrans Liqası
Yarımfinal
Cavab oyunları

5 may
"Roma" (İtaliya) - "Lester" (İngiltərə) 1:0
Qol: Temmi Abraham, 11
Roma, "Olimpiko" stadionu
İlk oyun - 1:1.

"Marsel" (Fransa) - "Feyenoord" (Niderland) 0:0
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.