
Hərəkat azərbaycanlıları, türkləri, gürcüləri və erməniləri bir araya toplayacaq
Azərbaycan Avropa Hərəkatı ABŞ-ın German Marshall fondunun maliyyə dəstəyi ilə yeni layihənin icrasına start verib. Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, "İnam toxumları" adlanan layihə çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanın hər birindən münaqişə zonasından olan 4 gəncin iştirakı ilə Gürcüstanın Batumi şəhərində təlimlər təşkil olunacaq.
Təlimlərin mövzusu "Inam yaratmaq nədir” və “İnam yaratmağın fərqli aspektləri və yenidən paylaşmanın öyrənilməsi” olacaq. Təlimləri Avropadan dəvət olunmuş peşəkar ekspertlər keçəcək və bu təlimlər 2 gün davam edəcək.
Bundan başqa layihə çərçivəsində Azərbaycanın cəbhə bölgəsində yerləşən ərazilərində yerli gənclərə Batumidə təlim keçmiş gənclər tərəfindən müxtəlif seminarlar keçiriləcək və orada sülh qurucluğu ilə qısa film roliklər hazırlanacaq.
Daha sonra layihə çərçivəsində 5 dildə yaradılacaq "Sülh qurucuları şəbəkəsi" saytının təqdimatı keçiriləcək. Təqdimatlar eyni gündə və eyni saatda Azərbaycanda Xəzər dənizində, Gürcüstanda Qara dənizdə, İstanbulda Bosfor Boğazında və Ermənistanda Sevan (Göyçə) gölündə keçiriləcək. Yaradılacaq saytda sülhlə bağlı videolar yerləşdiriləcək.
Qaynar.info