Xəbər lenti

Siyasət 17:33 28.10.2024

"Avropa Parlamenti anlayacaq ki…" - Deputat

"Qərb təsisatları Bakı ilə münasibətləri normallaşdırmadan regionda mövcud ola bilməzlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamə və qərəzli yanaşmanı şərh edərkən deyib.

"Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycanla bağlı növbəti qərəzli müzakirə keçirilib. Bu müzakirələr zamanı Avropa komisarı Nikolas Smitin Azərbaycan əleyhinə səsləndirdiyi həqiqətdən uzaq fikirlər təbii ki, hiddət doğurur. Təəssüf ki, bu qurum növbəti dəfə ölkəmizə qarşı ədalətsiz mövqeyilə seçildi. Bu nə ilk deyil və belə gedişlə nə də son olmayacaq. Onlar bununla Azərbaycana təzyiq etmək, insan hüquqları adı altında əslində başqa məqsədlərini həyata keçirmək fikrindədir", deyə Arzuxan Əlizadə bildirib.
 


Deputat qeyd edib ki, heç bir halda Azərbaycan özünün haqlı mövqeyindən geri çəkilməyəcək:

"Bir neçə il bundan əvvəl də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli mövqe sərgiləmişdi. Lakin Azərbaycanın tutduğu mövqe qurumu geri çəkilməyə vadar etdi. Onlar sonra da münasibətlər normallaşdı. Azərbaycanın 44 günlük müharibədə qələbəsi, ərazi bütövlüyü və suverenliyini təmin etməsilə regionda qüvvələr nisbəti ölkəmzin xeyrinə dəyişib. Nəticədə bir sıra güclərin regionumuzda həyata keçirmək istədiyi planların həyata keçməsinin qarşısı alındı. Bunu həzm edə bilməyən qüvvələr də ermənilərdən istifadə edərək, Azərbaycanın üzərinə gəlib, ondan güzəştlər qoparmağa çalışırlar".

Deputat bildirib ki, Aİ Azərbaycan quruma üzv 27 ölkədən 10-u ilə strateji mütəffiqlik haqqında saziş imzaladığının da fərqindədir:
 
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Bakı ilə münasibətləri normallaşdırmadan regionda hansısa bir formada mövcudluq mümkün deyil. Bunun fərqində olmaqla  gələcəkdə ölkəmizlə münasibətlərin normallaşması istiqamətində qarşı tərəfdən addımlar atılmalıdır. Azərbaycanın addımları bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Bu səbəbdən ölkəmizə qarşı qərəzli mövqe sərgiləməklə heç nəyə nail ola bilməyəcəklər. Hesab edirəm ki, qarşı tərəf bunu anlayacaq".

Qeyd edək ki, oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Notada Avropa İttifaqı tərəfindən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->